İQTİSADİYYAT

Maliyyə naziri maaşlardan danışıb

Bu il bütün sektorlar üzrə əməkhaqlarının artırılması həyata keçirilib. İnflyasiya kəskinləşib.
Sputnik
BAKI, 25 may — Sputnik. Xaricdən gələn inflyasiyanın təsirini hansısa formada azaltmaq çətindir. Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında "Azərbaycanın 2021-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.
İnflyasiyanı sürətləndirən amillərdən biri də pul kütləsinin artmasıdır
APA-nın məlumatına görə, nazir bildirib ki, daxili mənbələrdən buna təsir göstərə bilərik:
"Cari ildə bunun qarşısını almaq üçün addımların atılması nəzərdə tutulur. Prezident İlham Əliyevin tapşırığı ilə cari ildə bütün sektorlar üzrə əməkhaqlarının artırılması həyata keçirilib. Biz bunu sonsuz edə bilmərik, çünki inflyasiyanı sürətləndirən amillərdən biri də pul kütləsinin artmasıdır. Biz pulu nə qədər çox versək, bu, inflyasiyanın azalmasına gətirib çıxarmayacaq, əksinə, artıracaq".
İnflyasiyanın nəzərdə tutulduğundan artıq olmasının təsirini görürük
O bildirib ki, keçən il üçün proqnozumuzda inflyasiya 3% idi, amma faktiki 6%-dən çox olub. İnflyasiyanı proqnozlaşdıra bilməmişik:

"Dünyada heç kim onu proqnozlaşdıra bilməyib. İnflyasiyanın nəzərdə tutulduğundan 2 dəfə artıq olmasının təsirini görürük. Xarici malların qiyməti artıb, gömrük orqanlarının yığımları da artıb. "ƏDV geri al" sistemi üzrə 138 milyon manat vəsait il ərzində qaytarılıb. Bu da şəffaflaşmanın nəticəsidir. Dövriyyə şəffaflaşır. Proqnozlaşdırma ilə bağlı müzakirələrə hazırıq".

İnflyasiya kəskinləşib
Nazir bildirib ki, ümumdaxili məhsulun real artım səviyyəsi 2021-ci ildə nəzərdə tutulduğundan xeyli çox olub. Neftin qiyməti dövlət büdcəsində nəzərdə tutulanla müqayisədə 70 faizdən artıq yüksək olub:
"Bu da icmal büdcənin kəsirsiz icra olunmasına münbit şərait yaradıb. Ötən il sabit milli valyutanın məzənnəsi şəraitində ölkəmizin iqtisadi inkişafına mənfi təsirlər də var idi. Bu təsirlər əsasən xarici faktorlarla bağlı idi. Söhbət inflyasiyanın artmasından gedir. Bizim ölkəmizdə də nəzərdə tutulduğundan daha yüksək inflyasiya səviyyəsi oldu. İnflyasiyanın artmasının əsas səbəblərindən biri də ərzaq məhsullarının qiymətinin dünya səviyyəsində artmasıdır. Cari ildə də proses təəssüf ki, davam edir və hətta daha da kəskinləşib".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
İQTİSADİYYAT
Maliyyə naziri Azərbaycanda baş verən inflyasiyanın səbəbini açıqladı