İDMAN

Premyer Liqanın növbəti mövsümünə yekun vurulub

Birinciliyin nəticələrinə görə, Azərbaycanı Çempionlar Liqasında “Qarabağ” komandası təmsil edəcək.
Sputnik
BAKI, 21 may - Sputnik. Futbol üzrə Azərbaycan Premyer Liqasının 2021/2022-ci il mövsümünə yekun vurulub. Azərtac-ın xəbərinə görə, mövsümün sonuncu – XXVIII turunda dörd qarşılaşma baş tutub.
“Qarabağ” qızıl, “Neftçi” gümüş medalı daha əvvəl təmin etdiyindən son tur yalnız bürünc medalın taleyinə aydınlıq gətirib. Öz meydanında “Şamaxı” ilə qarşılaşan “Zirə” qolsuz heç-heçə edərək üçüncü pilləni qoruyub.
Qəsəbə klubunun medalçılar sırasında qalmasında “Qəbələ”nin “Sabah”la görüşdəki xal itkisi səbəb olub. Qəbələ şəhər stadionundakı görüş 1:1 hesabı ilə başa çatıb. Mövsümün son iki görüşü böyük hesablı qələbə ilə nəticələnib.
Autsayderlərin duelində “Sumqayıt” “Səbail”in qapısından 5 cavabsız top keçirib.
Çempionatın son qarşılaşmasında "Qarabağ" və "Neftçi" komandaları üz-üzə gəliblər. “Qarabağ” klubu görüşdən 4:1 hesablı qələbə ilə ayrılıb.
Qeyd edək ki, “Qarabağ” Çempionlar Liqasında, “Neftçi”, “Zirə” və “Qəbələ” isə Konfrans Liqasında mübarizə aparacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.