BAKI, 13 may — Sputnik. Tacikistanın paytaxtı Düşənbə şəhərində MDB Xarici İşlər Nazirləri (XİN) Şurasının iclası keçirilir.
İclasda regional və beynəlxalq mövzularda fikir mübadiləsi aparacaq.
Xüsusi diqqət beynəlxalq təhlükəsizlik, mədəni, humanitar və elmi sahədə əməkdaşlığın möhkəmlənməsinə yönələcək.
İclasda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov da iştirak edir.
Qeyd edək ki, MDB Xarici İşlər Nazirləri Şurasının iclası ənənəvi olaraq ildə iki dəfə keçirilir. Bu il üzrə növbəti toplantı Qazaxıstanın paytaxtı Nur-Sultanda keçiriləcək. Quruma bu il Qazaxıstan sədrlik edir.
Xatırladaq ki, ötən gün MDB Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov, Rusiya Federasiyasının xarici işlər naziri Serqey Lavrov və Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan arasında görüş keçirilib.
Görüşdə tərəflər, bölgədə mövcud olan vəziyyət və üçtərəfli bəyanatların yerinə yetirilməsi ilə bağlı məsələləri müzakirə ediblər.
Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması, o cümlədən dövlət sərhədinin delimitasiya prosesinin başlaması, bütün nəqliyyat və kommunikasiya xətlərinin açılışı, iki dövlət arasında sülh müqaviləsinin razılaşdırılması məsələləri üzrə fikir mübadiləsi aparılıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.