BAKI, 20 aprel — Sputnik.
Mədəniyyət naziri Anar Kərimov Qarabağ müharibəsi qaziləri ilə görüşüb. Görüş nazirliyin "Səhnədən səngərə: Qazilər" layihəsi çərçivəsində baş tutub.
A.Kərimov çıxışına qazilərə təşəkkür etməklə başlayıb. Nazir bildirir ki, müharibədə və ondan sonra Azərbaycan Prezidentinin, xalqınının böyüklüyünün şahidi olduğumuza görə qürur duyur: "Bu qəhrəmanlığı, yumruq kimi birləşməni mütləq əbədiləşdirməliyik. Həmçinin bunun gələcək nəsillərə ötürülməsi çox vacibdir. Biz öz köklərimizə bağlı xalqıq. Qələbəmizə səbəblərdən biri də bizim köklərimizə sadiqliyimizdir".
Nazri qeyd edib ki, biz və cəmiyyət bu qəhrəmanları, onların göstədikləri şücaəti unutmamalıyıq: "Hər zaman qazilərimizin yanındayıq, dəstəyik. Çünkü onlar iki cəbhədə də öz borcunu yerinə yetiriblər".
Daha sonra A.Kərimov qaziləri Fəxri fərmanla təltif edib. Tədbir bədii hissə ilə davam edib.
Dünyanın ən mötəbər səhnələrini səngər dəyişərək, Vətən müharibəsinə könüllü yollanan Atəş Qarayev Asəf Zeynallının Cəfər Cabbarlının "Sevimli ölkəm" şeirinə bəstələdiyi "Ölkəm" romansını ifa edib.
Vətən savaşının başlandığını eşidər-eşitməz Almaniyadakı ali təhsilini yarımçıq qoyub, könüllü ordumuzun sıralarına yazılan gənc və istedadlı bəstəkar Vüqar Məmmədzadənin əsəri səsləndirilib.
Sonda isə Firdovsi Eyvazov Üzeyir Hacıbəyovun "Uzundərə" rəqsini tamaşaçılara təqdim edib. Qeyd edək ki, 44 günlük Vətən müharibəsi dövründə səngərə yollanıb, qəhrəmancasına döyüşən Firdovsi Eyvazov ağır yaralansa da yenidən savaşın ən qaynar nöqtəsinə qayıdır. Qələbə xəbərini isə möhtəşəm rəqsi ilə qarşılayır. Çünki o, həm Vətənini ürəkdən sevən cəsur əsgər, həm də sənətinə bağlı peşəkar rəqqasdır.
Qeyd edək ki, Vətən müharibəsində mədəniyyət sahəsində çalışan 8 nəfər şəhid olub, 12 nəfər yaralanıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.