CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Məcburi köçkünlər üçün tikilmiş istifadəsiz mənzillərin satışı portalı hazırlanır

Dövlət başçısının təsdiq etdiyi qaydaya uyğun olaraq Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sifarişi ilə tikilən çoxmənzilli binalarda istifadəsiz qalan mənzillərin satışını ƏƏSMN həyata keçirəcək.
Sputnik
BAKI, 15 aprel — Sputnik. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 11 aprel tarixli Fərmanı ilə təsdiq edilmiş Qaydaya əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mənzillərin satışını təşkil etmək məqsədilə elektron portal hazırlanır.
Nazirlikdən Sputnik Azərbaycan-a verilən xəbərə görə, hazırlanan portal bir neçə moduldan ibarət olacaq. Mənzil almaq istəyən hüquqi və fiziki şəxslərin satış portalına real vaxt rejimində Vahid Giriş Sistemindən - "ASAN Login" üzərindən giriş imkanı olacaq. Portalda onların qeydiyyatı aparılmaqla, hər biri üçün elektron kabinetlər yaradılacaq, mənzillərin satışı ilə bağlı bildirişlər yerləşdiriləcək. Portalda satılan mənzillərlə bağlı məlumatlar (ünvanı, binanın mərtəbə sayı, mənzilin yerləşdiyi mərtəbə, mənzilin nömrəsi, sahəsi, otaqlarının sayı, təmir vəziyyəti və s.) yerləşdiriləcək. Fiziki və hüququ şəxslər mənzil satışına dair elanla portal üzərindən məlumatlandırılacaq.
Qeyd edək ki, satışı nəzərdə tutulan həmin mənzillər Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sifarişi ilə Bakının Ramana, Ümid, Хocasən qəsəbələrində, Abşeron, Lənkəran və Samux rayonlarında inşa edilmiş çoxmənzilli binalardakı, həmçinin Bakının Kürdəxanı qəsəbəsində və Abşeron rayonunda inşası davam etdirilən çoxmənzilli binalardakı istifadə edilməyən mənzillərdir.
Dövlət başçısının tapşırığına əsasən, həmin mənzillərin satışından əldə olunan vəsait digər bölgələr üzrə şəhid ailələri və müharibə əlillərinin mənzil və fərdi evlə təminatına yönəldiləcək.
Xatırladaq ki, Prezident İlham Əliyev bir neçə gün öncə "Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mənzillərin satışı və satışdan əldə olunan vəsaitdən istifadə Qaydası"nın təsdiq edilməsi haqqında Fərman imzalayıb. Bu fərman mənzilə ehtiyacı olan vətəndaşlarda ev almağa böyük ümid yaradıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
CƏMİYYƏT
Məcburi köçkünlər üçün tikilmiş binalarda mənzillər necə və neçəyə satılacaq? - Rəsmi