AZƏRBAYCAN XƏBƏRLƏRİ

Külək Gəncədə ağacları aşırdı, dam örtüklərini yerə atdı

Dünəndən etibarən respublikanın qərb bölgəsində tüğyan edən külək bir neçə iri yaşayış məntəqəsində fəsadlar törədib.
Sputnik
BAKI, 13 aprel — Sputnik. Qərb bölgəsində ötən gün əsən güclü külək fəsadlar törədib.
Güclü küləyin fəsadları
Külək ölkənin ikinci böyük şəhəri olan Gəncədə bir neçə ünvanda iri ağacları aşırıb. Yaşayış evlərinin dam örtükləri küləyə tab gətirməyib. Şəhərin Gülüstan qəsəbəsində yerləşən 33 saylı yaşayış binasının dam örtüyünün bir hissəsi aşıb, Şahsevərlər küçəsində yerləşən həyət evinin damı isə yararsız hala düşüb.
Həmçinin, Nizami Gəncəvi prospektində yerləşən binanın fasad hissəsi uçub. Təbiət hadisəsi zamanı Heydər Əliyev, Xətai prospektlərində, Abbaszadə, Azərbaycan Bayrağı, Əttarlar və Cavad xan küçələrində, Füzuli və Nərimanov parklarında iri gövdəli ağaclar aşıb.
Güclü küləyin fəsadları
Gecə saatlarında daha da güclənən külək elektrik təchizatında nasazlığa səbəb olub. Təbiət hadisəsi zamanı dəymiş ziyan Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin əməkdaşları tərəfindən aradan qaldırılır.
Bölgədə hazırda küləksiz, günəşli hava müşahidə olunur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
VİDEO
Goranboyda külək ağacları yıxıb, evlərin damını uçurub, yol hərəkətini iflic edib