BAKI, 12 aprel — Sputnik. Aprelin 12-də Azərbaycan Respublikasının müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev ölkəmizdə səfərdə olan Türkiyə Respublikası Baş Qərargahının Kəşfiyyat rəisi korpus generalı Rafet Dalkıranın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Hər iki ölkənin orduları arasında qarşılıqlı münasibətlərin, eləcə də hərbi kəşfiyyat sahəsində əməkdaşlığın inkişaf etdiyi xüsusi qeyd olunub.
Görüşdə Azərbaycan ilə Türkiyə arasında keçirilən birgə hərbi təlimlərin təcrübə mübadiləsi baxımından əhəmiyyətli olduğu vurğulanıb.
Xatırladaq ki, bu gün Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov da ölkəmizdə səfərdə olan Türkiyə Respublikası Baş Qərargahının Kəşfiyyat rəisi korpus generalı Rafet Dalkıranın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.