BAKI, 11 aprel — Sputnik. Yetkinlik yaşına çatmayan qızların evliliyə cəlb olunması və hamilə qalması ilə bağlı yayılan məlumat Ombudsman tərəfindən araşdırılır.
Bunu Ombudsman Aparatının Uşaq hüquqlarının müdafiəsi sektorunun müdiri Nigar Ağayeva deyib.
O bildirib ki, Gəncə şəhər və Ağdaş rayon sakini olan yetkinlik yaşına çatmayan qızların evliliyə cəlb olunması və hamilə qalması ilə bağlı kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə yayılan məlumat Ombudsman tərəfindən nəzarətə götürülüb.
Nigar Ağayeva APA-ya açıqlamasında qeyd edib ki, məsələ ilə bağlı Ombudsman Aparatının əməkdaşları tərəfindən aidiyyatı qurumlarla, həmçinin uşaqların ailə üzvləri ilə əlaqə saxlanılıb. Onların səhhəti, təhsili və hüquqlarının təmini vəziyyəti öyrənilib, ailə ilə maarifləndirici söhbət aparılıb. Hər iki məsələnin araşdırılması və həmin şəxslərin hüquqlarının təmin olunması istiqamətində müvafiq tədbirlərin görülməsi məqsədilə zəruri addımlar atılacaq.
Xatırladaq ki, Gəncə Birləşmiş Xəstəxanası Publik Hüquqi Şəxsin Gəncə Perinatal Mərkəzinin baş həkimi Sevda Hüseynovanın verdiyi məlumata görə, Gəncə şəhər sakini D.S. aprelin 9-da saat 00:42-də ağır vəziyyətdə, 40 həftəlik hamiləlik diaqnozu ilə mərkəzə daxil olub. Daxil olan zaman onun üzərində şəxsiyyət vəsiqəsi olmadığı üçün özünü 2003-cü il təvəllüdlü şəxs kimi qeydiyyatdan keçirib. Xəstənin vəziyyəti ağır olduğundan təcili olaraq cərrahiyə əməliyyatına götürülüb.
Daha sonra xəstənin məlumatları kompüterə daxil edilən zaman onun 2006-cı il təvəllüdlü olduğu məlum olub. O, bilərəkdən təvəllüdünü gizlədib. Məsələ aydınlaşandan dərhal sonra faktla bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.