BAKI, 11 aprel — Sputnik. Bu günə qədər Azərbaycana Ukrayna ərazisindən 36 yük nəqliyyat vasitəsi üzrə 39 sürücü təxliyə edilib.
Bu barədə Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasından bildirilib.
Məlumatda qeyd edilib ki, Ukrayna ərazisində həyata keçirilən xüsusi hərbi əməliyyat zamanı bu ölkənin ərazisində olan azərbaycanlı sürücülər çətin və təhlükəli vəziyyətdə qalmışdılar: "Hadisələrin ilk günündən Azərbaycan hökuməti tərəfindən həmin sürücülərin təxliyəsi ilə bağlı işlərə başlanıb. Təxliyə ilə bağlı təhlükəsiz marşrut müəyyən edildikdən sonra həmin sürücülər Ukrayna hüdudlarından çıxarılıb. TIR sürücüləri Moldova-Rumıniya-Bolqarıstan-Türkiyə-Gürcüstan marşrutu üzrə ölkəyə gəliblər".
Xatırladaq ki, bir müddət öncə bir neçə yaralı sürücü ölkəmizə təxliyə olunmuşdu. Azərbaycanlı sürücü Əsgərzadə Nadir Qadir oğlu uzun müddət idi ki, Xarkovda təxliyə problemi yaşayırdı. Xüsusilə yaralı sürücülər Xarkovda köməksiz vəziyyətdə qaldıqlarından onların təxliyəsi uzun zaman aldı. Ən son yaralı sürücü Bayramov Yusif Asif oğlu Türkiyə vasitəsilə Azərbaycana yola salınıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.