BAKI, 11 aprel - Sputnik. Aprelin 11-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun Ermənistan xarici işlər naziri Ararat Mirzoyan ilə telefon danışığı baş tutub.
Bu barədə məlumatı Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsi yayıb.
Bildirilib ki, tərəflər, iki dövlətin liderləri səviyyəsində əldə olunmuş razılaşmaların davamı olaraq, gələcək sülh sazişinin hazırlanması üzrə iş, Birgə Sərhəd Komissiyasının təşkili, habelə humanitar məsələlər üzrə fikir mübadiləsi aparıblar.
Xatırladaq ki, aprelin 8-də Rusiyanın xarici işlər naziri Sergey Lavrovla Ermənistanın xarici siyasət idarəsinin rəhbəri Ararat Mirzoyanın görüşü olub. Görüşdə Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış üçtərəfli bəyanatların icrası vəziyyəti müzakirə olunub.
Rusiya XİN rəhbəri erməni həmkarına bildirib ki, ölkəsi bundan sonra da üçtərəfli bəyanatların icrasının təmin olunması istiqamətində fəaliyyət göstərəcək.
Rusiya XİN rəhbəri onu da bildirib ki, 10 noyabr üçtərəfli bəyanatı əsasında bölgədə fəaliyyət göstərən Rusiya sülhməramlı kontingenti də öhdəliyinə düşən vəzifələrin icrasını ciddi şəkildə davam etdirəcək.
"Rusiya Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin bağlanması üçün şəraitin yaradılmasına kömək etməyə hazırdır". Bunu da Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.
Nazir deyib: “Rusiya Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin bağlanması üçün şəraitin yaradılması ilə bağlı indi İrəvan və Bakı arasında gedən işə yardım etməyə hazırdır”.
Diplomatlar, həmçinin MDB, Avrasiya İqtisadi İttifaqı və KTMT daxilində əməkdaşlığın perspektivlərini müzakirə ediblər.