BAKI, 9 aprel - Sputnik. Koronavirusun Çində aşkarlanan yeni variantı həddən artıq zəifdir. Sputnik Azərbaycan-ın məlumatına görə,bunu jurnalistlərə açıqlamasında səhiyyə naziri Teymur Musayev deyib.
O bildirib ki, virusun yoluxuculuğu "Omikron"dan daha yüksək ola bilər, amma törətdiyi xəstəlik daha zəifdir:
"Bilirsiniz ki, Sars-Cov-2 virusu dəfələrlə mutasiyaya uğrayıb və yeni ştammlar peyda olub. Buna görə biz hər dəfə açıqlama verəndə vətəndaşlarımızı ehtiyatlı olmağa çağırırdıq. Çünki virusun özünü necə aparacağını heç kəs öncədən bilə bilməz. Sevindirici haldır ki, "Omikron"dan sonra başlayan son bir neçə mutasiyada virusun yoluxuculuğu zəifləyib, törətdiyi xəstəliyin ağır gedişatı, demək olar ki, çox nadir hallarda baş verir. Ona görə ümid bəsləyirdik ki, pandemiya sona doğru inkişaf edir. Çində bir çox ölkələrdən fərqli olaraq "sıfır Covid" rejimi ana xətt kimi qəbul olunub. Yəni, istənilən kiçik saylarla belə qeydə alınan yoluxmalar icma və şəhərlərdə tam qapanmaya gəririrdi. Yeni ştamın da həmin şəraitdə peyda olması ümumilikdə tibb icmasını kifayət qədər gərginləşdirmişdi. Lakin şükürlər olsun, həmin ştam həddən artıq zəifdir".
Qeyd edək ki, Çində koronavirusun "omikron" ştamının yeni alt növü müəyyən edilib. Yeni alt növ BA.1.1 "omikron" ştamının qoludur, həmçinin, əvvəllər müəyyən edilmiş digər koronavirus variantlarına uyğun gəlmir.
Bundan əvvəl Şanxay, COVID-19 pandemiyasının başlanmasından indiyədək ən sərt məhdudiyyətlər tətbiq edib. Paytaxtın 25 milyon sakininin demək olar ki, hamısı hazırda karantindədir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.