SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Əliyev və Ərdoğan Brüssel görüşünün nəticələrini müzakirə ediblər

Prezidentlərin söhbəti zamanı Ermənistan-Azərbaycan sülh müqaviləsinin imzalanmasının region ölkələrinin inkişafına və firavanlığına xidmət edəcəyi vurğulanıb.
Sputnik
BAKI, 7 aprel - Sputnik. Aprelin 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edib. Bu barədə Sputnik Azərbaycan Azərtac-a istinadən xəbər verir.
Telefon danışığı əsnasında aprelin 6-da Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü və iştirakı ilə Avropa İttifaqı, Azərbaycan və Ermənistan arasında Brüsseldə keçirilmiş üçtərəfli görüş haqda söhbət aparılıb.
Prezident İlham Əliyev görüşün nəticələrini müsbət qiymətləndirdiyini bildirib.
Dövlətimizin başçısı Azərbaycanın təqdim etdiyi baza prinsipləri, o cümlədən ərazi bütövlüyünün qarşılıqlı tanınması və ərazi iddialarından imtina edilməsi daxil olmaq şərti ilə sülh müqaviləsinin hazırlanması üzrə Ermənistan və Azərbaycan arasında işçi qrupunun yaradılması, həmçinin sərhədlərin delimitasiyası üzrə kommissiyanın təsis edilməsi barədə əldə olunmuş qərarları qeyd edib.
Prezident Rəcəb Tayyib Ərdoğan da öz növbəsində əldə olunmuş nəticələrdən məmnunluğunu ifadə edib.
Söhbət zamanı Ermənistan-Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasının, nəqliyyat-kommunikasiya xətlərinin qurulmasının regionda davamlı sülhün və sabitliyin təmin olunmasına, region ölkələrinin inkişafına və firavanlığına xidmət edəcəyi vurğulanıb.
Dövlət başçıları, həmçinin Azərbaycan və Türkiyə arasında ikitərəfli müttəfiqlik əlaqələrinin müxtəlif aspektlərinə dair fikir mübadiləsi aparıblar.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
SİYASƏT
Brüsseldən çıxan nəticə: Bakı və Yerevanın razılaşması hamını qane edir