BAKI, 4 aprel — Sputnik. Macarıstanın paytaxtı Budapeştdə keçirilən güləş üzrə Avropa çempionatında Rafiq Hüseynov yunan-Roma güləşində rekorda imza atıb. Sputnik Azərbaycan xəbər verir ki, çempionatda 82 kiloqram çəki dərəcəsində mübarizə aparan güləşçimiz bu nailiyyəti Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında rəsmiləşdirib.
O, yunan-Roma güləşində üçqat Avropa çempionu olan ilk idmançımız kimi tarixə düşüb. R.Hüseynov Dortmundda (2011-ci il), Romada (2020-ci) və Budapeştdə (2022-ci) qızıl medalları gazanıb.
Qeyd edək ki, Rafiq Hüseynov (82 kq) startda çexiyalı Petr Novakı 5:1 hesabı ilə üstələyib. R.Hüseynov dörddəbir finalda macar Tamaş Levayla qarşılaşıb. Görüşün taleyini təcrübəli pəhləvanımızın ilk hissədə etdiyi uğurlu fənd müəyyənləşdirib - 2:0.
Bundan başqa, o, final yolunda moldovalı Mixail Braduya da gücünü göstərib - 2:0. Beləliklə, titullu güləşçimiz üçüncü dəfə Avropa çempionatının finalına yüksəlib. R.Hüseynov həlledici görüşdə gürcü Gela Bolkvadze ilə üz-üzə gəlib.
Onu da qeyd edək ki, Avropa çempionatına tam heyətlə yollanan sərbəst güləş üzrə yığmamızın 10 üzvündən 7-si fəxri kürsüyə qalxıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.