BAKI, 26 mart - Sputnik. Bayram günlərində, yəni martın 19-dan indiyədək “Azəriqaz” İstehsalat Birliyinin (İB) 104/185 Çağrı mərkəzinə 14089 müraciət daxil olub. Bütün müraciətlərin icrası Birlik əməkdaşları tərəfindən təmin edilib.
Sputnik Azərbaycan xəbər verir ki, bu sözləri Birliyin 104 Operativ xidmət şöbəsinin rəisi Xalidə Şimşək “Açıq qapı” aksiyası çərçivəsində bildirib. Şöbə rəisinin sözlərinə görə, sayğaclarda yaranan problemə görə regionlardan 741, Bakı şəhərində əvvəlcədən ödənişli (smart-kart tipli) sayğaclara ödənişlərin edilməsi ilə bağlı 2417, sayğaclarda yaranan digər problemlərlə bağlı isə Birliyə 4467 müraciət ünvanlanıb:
“Hava şəraitindən asılı olmayaraq, bütün müraciətlərin həlli istiqamətində əməkdaşlarımız üzərlərinə düşən işi layiqincə yerinə yetiriblər”.
Xankəndinə təbii qazın verilməsində yaranan fasilələrin nə dərəcədə doğru olması ilə bağlı sualı cavablandıran Birliyin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev bütün bölgələrdə olduğu kimi, bu bölgənin də təbii qazla təmin olunmasının vacibliyini vurğulayıb:
“30 il ərzində ermənilərin qaz təsərrüfatına vurduqları ciddi ziyanı qısa müddət ərzində bərpa etmək qeyri-mümkündür. O ərazidə infrastruktur bərbad vəziyyətdədir və “Azəriqaz” İB olaraq həmin vəziyyətin normallaşması istiqamətində addımlar atılır”.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.