AZƏRBAYCAN XƏBƏRLƏRİ

İlham Əliyev bir sıra beynəlxalq əhəmiyyətli sənədləri imzalaylb

Azərbaycanın BMT, Səudiyyə Ərəbistanı Krallığı və Türkiyə Respublikası ilə mühüm anlaşmaları təsdiq olunub.
Sputnik
BAKI, 16 mart - Sputnik. Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət üzrə Təşkilatı arasında Etimad Fondları Layihəsi Sazişi”nin təsdiq edilməsi haqqında” fərman imzalayıb.
Sputnik Azərbaycan-ın xəbərinə görə, fərmana əsasən, 2021-ci il dekabrın 20-də Paris şəhərində imzalanmış Saziş qüvvəyə mindikdən sonra Nazirlər Kabineti onun müddəalarının həyata keçirilməsini təmin etməlidir.
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi isə Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət üzrə Təşkilatına bildiriş göndərməlidir.
Prezident İlham Əliyev həmçinin “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Səudiyyə Ərəbistanı Krallığının İnsan Resursları və Sosial İnkişaf Nazirliyi arasında əmək sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu”nun təsdiq edilməsi haqqında" fərman imzalayıb.
Fərmana əsasən, 2021-ci il iyulun 13-də Bakı və Ər-Riyad şəhərlərində imzalanmış Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etməlidir.
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi isə Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Səudiyyə Ərəbistanı Krallığı Hökumətinə bildiriş göndərməlidir.
Azərbaycan Energetika Nazirliyi ilə Türkiyə Energetika və Təbii Sərvətlər Nazirliyi arasında təbii qazın tədarükünə dair Anlaşma Memorandumu da təsdiq edilib.
Prezident İlham Əliyev bununla bağlı fərman imzalayıb.
Fərmana əsasən, Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra Energetika Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etməlidir.
Xarici İşlər Nazirliyi Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Türkiyə Respublikası Hökumətinə bildiriş göndərəcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
SƏHİYYƏ
İcbari tibbi sığortayla bağlı müştərək maliyyələşmənin tətbiqi təxirə salınıb