BAKI, 10 mart — Sputnik. Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrası yaz fəslinin Azərbaycana daxilolma vaxtını açıqlayıb.
BDU-dan Sputnik Azərbaycan-a bildirilib ki, 2022-ci ildə Azərbaycana yaz fəsli martın 20-də, Bakı vaxtı ilə saat 19.33.23-də qədəm qoyacaq.
Bu zaman gecə ilə gündüz bərabərləşəcək, Günəş ekliptika üzrə hərəkət edərək ekvatoru kəsəcək və Cənub yarımkürəsindən Şimal yarımkürəsinə keçəcək. Həmin andan Şimal yarımkürəsində yaz fəsli, Cənub yarımkürəsində isə payız fəsli başlayacaq. Yaz fəslinin uzunluğu 92 gün, 17 saat, 40 dəqiqə olacaq.
Təbiətin əbədi qanunları və kainatın dəyişməz nizamı ilə əlaqədar olan Novruz gecə ilə gündüzün bərabərləşdiyini xəbər verən ilk bahar günüdür.
Halvanın hazırlanması
© Sputnik / Ilham Mustafayev
Qeyd edək ki, Dövlət Əmək Müfəttişliyi Xidməti Novruz bayramı ilə bağlı qeyri-iş günlərinin sayı barədə açıqlama yayıb. Sputnik Azərbaycan xəbər verir ki, məlumatda Nazirlər Kabinetinin müvafiq qərarına əsasən mart ayının 20, 21, 22, 23, 24-nün Novruz bayramı olduğu qeyd olunub.
Bildirilib ki, martın 20-si bazar gününə təsadüf etdiyi üçün Əmək Məcəlləsinin 105-ci maddəsinin 5-ci bəndinə əsasən iş və istirahət günlərinin yeri dəyişdiriləcək, 25 mart qeyri-iş günü olacaq.
Beləliklə, 19, 26 və 27 mart tarixləri də şənbə və bazar günlərinə təsadüf etdiyi üçün Novruz bayramı ilə əlaqədar 9 gün ardıcıl (19, 20, 21, 22, 23, 24, 25, 26 və 27 mart) iş olmayacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.