BAKI, 8 mart - Sputnik. “Ural Hava Yolları” Azərbaycana uçuşları dayandırıb. Bu barədə şirkətin məlumatında deyilir.
“Mövcud geosiyasi vəziyyətlə əlaqədar olaraq, “Ural Hava Yolları” martın 8-dən etibarən martın 26-ı da daxil olmaqla Azərbaycana (Bakı, Gəncə, Lənkəran) uçuşları dayandırır”, - deyə məlumatda bildirilir.
Qeyd edək ki, Rusiya aviaşirkətlərinin martın 6-dan etibarən Azərbaycana uçuşlar da daxil olmaqla bütün reysləri qeyri-müəyyən müddətə dayandıracağı açıqlanıb.
Qərar beynəlxalq uçuşlardan yaranan risklər nəzərə alınaraq və "Rosaviasiya"nın (Federal Hava Nəqliyyatı Agentliyi) uçuşlarla bağlı tövsiyəsi əsasında qəbul edilib.
“Vəziyyət həm də beynəlxalq aviasiya sığortası və təkrarsığorta bazarında sanksiyalarla bağlı son dəyişikliklərlə bağlıdır. Bu dəyişikliklər Azərbaycanın Milli Hava Daşıyıcısının fəaliyyətinə də təsir edib. Hazırkı vəziyyətdə AZAL və sığorta şirkətləri dəyişmiş vəziyyəti ətraflı təhlil etməli, bütün mənfi və müsbət təsirləri qiymətləndirməli, siyasətlərində mümkün olan bütün dəyişiklikləri öyrənməlidirlər”, - deyə AZAL-ın bəyanatında deyilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.