BAKI, 1 mart — Sputnik. Müəllimlər müəyyən qismi Müəllimlərin İşə Qəbulu imtahanlarının sərt, çətin olmasından şikayətlənir.
Təhsil ekspertləri müəllimlərin şikayətlərini haqlı hesab edirlər.
Təhsil eksperti Elçin Əfəndi Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Azərbaycanda "müəllimlərin başına oyun açırlar": "Sivil ölkələrdə belə hallar dələduzluq kimi qiymətləndirilə bilər. Ən böyük problemlərdən biri budur ki, verilən təhsilə şübhəylə yanaşılır, şəxs təkrarən imtahan verir, imtahandan keçdikdən sonra işə götürülür. Halbuki başqa şəffaf mexanizmləri tətbiq etmək olardı, amma sərf etmir. Çünki pul yemək üçün belə yaxşıdır".
Ekspert digər problem haqda danışaraq deyib ki, illik 45 mindən 60 minədək müəllim MİQ imtahanını versə də, cəmi 7-8, bəzən 9 min vakant yer olur. Demək olar ki, 40 min nəfərdən artıq müəllim imtahanlardan kəsilərək işsizlər ordusunu yaradır: "Əslində belə olmamalıdır. Problemin həllinə yönələn təkliflərim var:
Gizlədilmiş vakansiyalar üzə çıxarılmalıdır. Ali və orta ixtisas təhsil müəssisələrində pedaqoji ixtisaslara qəbulda plan yerlərini azaltmaq lazımdır. Siniflərin komplektləşdirilməsini apararaq, minimal say olaraq 18, maksimal say olaraq 25 nəfər şagird sayı müəyyənləşdirilməlidir".
O deyir ki, verilən təhsil bərbaddır: "Keyfiyyətli müəllim yetişdirməkdə maraqlı deyillər. Tələbələr keyfiyyətli təhsillə təmin edilmirlər, nə edirlərsə, öz güclərinə edirlər".
Müəllimlərin digər əsas problemi kitablarla bağlıdır:
"Müəllimlərin işə qəbulu imtahanına hazırlıq vəsaitləri ildən-ilə dəyişir, fərqli kitablar olur. Müəlliflərin sayı kitabları üstələyir. Hələ o azmış kimi deyirlər ki, kurikuluma yeni mövzular salınacaq. Nəticədə işbazlar qazanır. Köhnə kitablara həmin mövzuları əlavə edib yeni nəşr adı altında 15-20 manata müəllim olmaq istəyənlərə satacaqlar. Təsəvvür edin, universitet, kollec təhsili ilə nəticə əldə edə bilməyən müəllim hazırlıqlara gedərək pul xərcləyir, bundan əlavə hər il təzə nəşr olunan kitablar alır".
Digər təhsil eksperti Elşən Qafarov deyir ki, ötən ildən başlayaraq müəllimlərin işəqəbulu suallarında köklü dəyişikliklər edilib:
"Dəyişikliklərin hansı məqsədlə olduğunu Təhsil Nazirliyi hələ açıqlamır. Reallıq ondan ibarətdir ki, Müəllimlərin İşə Qəbulu imtahanında suallar Təhsil Nazirliyinin struktur bölmələrində, yaxud Təhsil İnstitutunda çalışan ayrı-ayrı şəxslərin hazırladıqları vəsaitlərdən birbaşa düşür. Yaranan vəziyyət həmin şəxslərin vəsaitinin reklamına, yaxşı satılmasına, daha artıq pul qazanılmasına səbəb olur.
MİQ suallarının bilərəkdən çətinləşdirilməsi, məzmuna uyğun verilməməsi problemdir. Bütün bunlar kommersiya məqsədi daşıyır, təəssüflər olsun ki, bunları edənlər məhz nazirliyin struktur bölmələrində çalışan, vəsait hazırlayan şəxslərdir. Onlar burada maddi maraq güdürlər ki, müəllimlər gedib məhz həmin kitabı alsınlar".
Ekspert bildirir ki, həmin vəsaiti yazanlar MİQ testlərini tərtib etməməlidir. O qeyd edir ki, süni surətdə vakansiyaların yaradılması müəllimlərin əmək hüquqlarını pozur: "Ölkə başçısının 16 yanvar, 2015-ci il tarixli 994 nömrəli sərəncamı var. Orada göstərilir ki, müəllimin həfətlik dərs saatının miqdarı 18 saatdır. Lakin hazırda dərs saatı 18-dən az olan müəllimlər çoxdur".
Millət vəkili Ceyhun Məmmədov isə deyir ki, müəllimlik elə bir peşədir ki, daim biliklərin artırlmasına ehtiyac var. Millət vəkili bildirib ki, bu baxımdan davamlı olaraq dəyişikliklərin edilməsi önəmlidir:
"Ona görə düşünürəm ki, çətinliklərin olması normaldır. Narazılıq subyektivdirsə, nəzərə alınmamalıdır, obyektiv səbəb varsa, səbəblər ciddi şəkildə araşdırılmalıdır, təhlil olunmalıdır. Müəllimlik kifayət qədər ağır peşədir, müəllimlər üzərlərində işləmək istəmirlərsə, inkişaf etmək istəmirlərsə, bu qəbuledilməzdir. Proqramların çətinliyi ona hesablanıb ki, bütün müəllimlərin bilik-bacarıqları təkmilləşdirilsin".
Millət vəkili bildirir ki, müəllimin motivasiyası olmalıdır, həvəslə işləməlidir, həm öyrənməyə, həm istirahətə, həm ailəsinə zamanı olmalıdır.
Xatırladaq ki, MİQ imtahanı ilk dəfə 2009-cu ildə Bakı şəhəri üzrə keçirilib və ilk dəfə keçirilən imtahanda iştirak etmək üçün 365 vakant yerə 2 147 müəllim elektron ərizə vermişdi. 2011-ci ildən etibarən MİQ imtahanı bütün ölkə ərazisində həyata keçirilməyə başlayıb.
P.s. Təhsil Nazirliyinə sorğu göndərmişik, nazirliyin MİQ imtahanları haqda səsləndirilən fikirlərə rəsmi mövqeyini işıqlandıracağıq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Eləcə də oxuyun: