RUSİYA

Rusiya Ukraynanın hərbsizləşdirilməsini təmin edəcək - Lavrov

Rusiya XİN rəhbəri Prezident Zelenskini yalan danışmaqda ittiham edib.
Sputnik
BAKI, 25 fevral — Sputnik. Heç kim Ukraynanı işğal etmək niyyətində deyil. Sputnik Azərbaycan xəbər verir ki, bunu Rusiya XİN rəhbəri Sergey Lavrov deyib.
Lavrov bildirib ki, Ukrayna xalqı azad olmalıdır, hakimiyyət bütün xalqı təmsil etməlidir, Rusiyanın istəyi budur: "Müasir Ukraynanın xalqları öz talelərini azad şəkildə müəyyən etməlidirlər. Ümid edirik ki, Donbasın Kiyev tərəfindən iqtisadi blokadası artıq geridə qalıb. Qərb sırf öz maraqlarından çıxış edərək Donbasda insan haqlarının pozulmasına göz yumurdu".
Rusiya XİN rəhbəri Prezident Zelenskini yalan danışmaqda ittiham edib: "Zelenski Ukraynanın neytral statusunu müzakirə etməyə hazır olduğunu bəyan edəndə yalan danışır. Vladimir Zelenski təhlükəsizlik məsələlərinin müzakirəsi imkanını özü əldən verib, indi başqasını günahlandırmasın. Ukrayna hadisələrinin nəticələrinə gəldikdə biz vəziyyətə baxacağıq. Rusiya Ukraynanın hərbsizləşdirilməsini təmin edəcək".
Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin rusiyalılara müraciətdə Donbasda xüsusi əməliyyat keçirilməsi barədə qərar qəbul etdiyini bildirib.
"Şərait bizdən qətiyyətli və təcili addımların atılmasını tələb edir. Donbasın xalq respublikaları Rusiyaya yardım üçün müraciət ediblər. Bununla bağlı BMT Nizamnaməsinin 51-ci maddəsinin 7-ci hissəsinə uyğun olaraq, Federasiya Şurasının sanksiyası, Federal Məclis tərəfindən ratifikasiya olunmuş DXR və LXR ilə dostluq, eləcə də qarşılıqlı yardım barədə müqavilələrin icrası üçün mənim tərəfimdən xüsusi hərbi əməliyyat keçirilməsi barədə qərar qəbul olunub", - Putin telemüraciətində deyib.
O qeyd edib ki, kim kənardan bu prosesə qarışsa, cavabları sərt olacaq:
"Elə cavab verəcəyik ki, belə cavabı tarixinizdə heç vaxt görməmisiniz. Bunun üçün artıq bütün qərarlar qəbul edilib. Biz hadisələrin istənilən inkişafına hazırıq. Ümid edirəm ki, məni eşitdiniz!"
Dünəndən etibarən Ukraynanın bir neçə şəhərində insanlar metro stansiyalarından sığınacaq kimi istifadə edirlər. Ukraynanın paytaxtı Kiyevdə komendant saatı, eləcə də hava hücumu barədə xəbərdarlıq elan edilib. Dövlət qurumları insanları bomba sığınacaqlarına yollanmağa çağırıb. Hava hücumu barədə xəbərdarlıq həmçinin Lvovda elan olunub. Qeyd edək ki, paytaxt Kiyevi tərk edən xarici səfirliklərin xeyli hissəsi məhz bu şəhərə köçüb.
Ukrayna Prezidenti Volodimir Zelenskinin ofisinin rəhbərinin müşaviri Mixail Podolyak bildirib ki, Kiyev Rusiya ilə danışıqlara hazırdır.
"Əgər danışıqlar mümkündürsə, onları aparmaq lazımdır. Əgər Moskvada desələr ki, danışıqlar, o cümlədən neytral status barədə, aparmaq istəyirlər, biz bundan qorxmuruq. Biz bu barədə də danışa bilərik", - Podolyak “Reuters”ə deyib.
Bu arada İtaliyanın Baş naziri Mario Draqi bildirib ki, Zelenski saat yarım əvvəl onunla əlaqə qurmalı idi, ancaq hələ xəbər yoxdur. Onun sözlərinə görə, onlar səhər zəngləşmək barədə sözləşiblərmiş.
Bundan bir qədər sonra isə Volodimir Zelenski Putini yenidən danışıqlara səsləyib:
"Bir daha Rusiya Federasiyasının prezidentinə müraciət edirəm. Ukraynanın bütün ərazisində döyüşlər gedir. Gəlin insanların öldürülməsini dayandırmaq üçün danışıqlar masası arxasında əyləşək".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Eləcə də oxuyun:
* Zelenskinin ofisi: Ukrayna Rusiya ilə danışıqlara hazırdır
* SOCAR-ın Ukraynadakı şirkətindən açıqlama: Fasilələr ola bilər
* Ukraynadakı azərbaycanlılara XİN və konsulluqdan müraciət
* Peskov Ukraynanın danışıqlara hazır olması barədə