BAKI, 23 fevral — Sputnik. "Azərbaycan və Rusiya arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında bəyannamənin imzalandığı bir gündə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi sosial şəbəkə hesabında 1828-ci il Türkmənçay müqaviləsi ilə bağlı təhrif olunmuş məlumatın paylaşılması təəccüb və təəssüf doğurur".
"Vurğulamaq istərdik ki, sözügedən müqavilədə, ümumiyyətlə, "Şərqi Ermənistan" sözünə istinad edilmir və əlbəttə, bu fakt Rusiya XİN-in Tarixi Sənədlər Departamentinə yaxşı bəlli olmalıdır.
Sputnik Azərbaycan xəbər verir ki, bu, Azərbaycan Xarici İşlər Nazirliyinin Rusiya XİN-in sosial şəbəkə səhifəsində Türkmənçay müqaviləsinə dair təhrif olunmuş paylaşım ilə bağlı şərhində qeyd olunub.
Bu təhrifin aradan qaldırılmasını vacib hesab edirik və Rusiya XİN-in rəsmi sosial şəbəkə səhifəsində sözügedən yalnış məlumata müvafiq düzəlişin ediləcəyini gözləyirik", - XİN-dən bildirilib.
Xatırladaq ki, 1813-cü il oktyabrın 12-də Çar Rusiyası ilə Qacar İranı arasında Gülüstan, 1828-ci il fevralın 10-da yenə də Çar Rusiyası ilə Qacar İranı arasında Türkmənçay müqavilələri imzalanıb və bununla da Azərbaycan Araz çayı sərhəd olmaqla iki hissəyə bölünüb. Araz çayının şimalında yerləşən ərazilər Rusiyanın tərkibinə qatılıb, cənubunda yerləşən torpaqlar isə İran Qacar dövlətinin hüdudları daxilində qalıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.