BAKI, 22 fevral — Sputnik. Ötən həftənin ən tragedik hadisəsi iki bacının ailəsinin bütün üzvlərinin həlak olması ilə bağlı idi.
Qusarda bir ailənin 5 üzvü – ata, ana və 3 övladı dəm qazından boğularaq həyatlarını itirdilər. Ailənin Sumqayıtda yaşayan yaxınları, daha doğrusu, bacısı, onun həyat yoldaşı və 6 aylıq övladı Qusara yola düşərkən onlar da yol qəzasının qurbanı oldular.
Artıq uzun illərdir ki, dəm qazı ölüm kabusu olaraq qalır. Qurbanlar artdıqca nəticə çıxarmaq əvəzinə, sanki məsuliyyətsizliyimiz artır, əlaqədar dövlət qurumlarının isə ya effektiv həll mexanizmləri yoxdur, ya məsuliyyət yaradan hormonları çatmır.
Dəm qazından zəhərlənmə faktları ilə bağlı statistika tükürpədicidir: Ötən il dəm qazı zəhərlənməsi ilə bağlı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə 250 nəfər müraciət edib.
Mütəxəssislər hesab edirlər ki, tüstü və ventilyasiya kanallarının vaxtaşırı təmizlənməməsi nəticəsində sormanın zəifləməsi, qaz cihazlarının çıxışlarının kustar qaydada hazırlanmış tüstü bacalarına birləşdirilməsi, qaz cihazlarına, tüstü borularına və ventilyasiya kanallarına texniki qulluq göstərilməməsi, yaşayış binalarının mənzillərində və dam örtüklərində aparılan təmir işləri zamanı tüstü yollarının müxtəlif səbəblərdən bağlanması və s. dəm qazının xaric olunmayaraq mənzildə yığılmasına səbəb olur və boğulmalara, ölüm hallarına yol açır.
Dəm qazının qoxusu və ya burun-boğazda qıcıqlandırıcı təsiri olmadığından insan onun təsirini hiss etmir və bir də onda “ayılır” ki, huşunu itirib. Daha doğrusu, ondan sonra ayılmaya da bilər...
***
2021-ci ildə yol qəzalarında 706 insan həlak olub, 1452 nəfər yaralanıb. 2020-ci illə müqayisədə hadisələrin sayı 3,9 faiz, ölənlərin sayı 1,4 faiz, yaralananların sayı isə 3 faiz artıb.
Sanki müharibə davam edir. Yollarda insanlarımız hərbi əməliyyatlarda qırılırmış kimi həyatlarını itirirlər.
Qəza baş verdiyi ərazi
© Sputnik / Rahim Mammadov
Və ən acınacaqlısı odur ki, hadisələrin xarakterinə diqqət yetirsək, onların əksəriyyətində sürücü və piyada məsuliyyətsizliyinin izləri qabarıq görünəcək. Sürücülər daha çox gücünü “pedal”da yoxlayır, sürət həddini aşmağı yumşaq desək, adi hal kimi qəbul edirlər, piyadalar üçün isə türklər demiş, “nərdəysə” qayda filan yoxdur.
Ötənilki hadisələrdə qayda pozuntuları ən çox nəqliyyat vasitələrinin yüksək sürətlə idarə edilməsi (640), qarşıdan gələn nəqliyyatın hərəkət zolağına çıxma və ötmə (546) olmaqla yolayrıclarını keçmə (148), nəqliyyatın sərxoş vəziyyətdə idarə edilməsi (16) ilə bağlı olub.
Piyadalara gəldikdə isə əsasən yolun hərəkət hissəsinin müəyyən olunmayan yerdən keçilməsi səbəbindən 2021-ci il ərzində 721 piyada vurma hadisəsi qeydə alınıb ki, bu da respublika üzrə qəzaların 43,7%-ni təşkil edir.
Ötən həftə Sumqayıt yolunda baş vermiş hadisədə sürət həddinin aşılmasının obyektiv izahı var. Ancaq bir çox hadisələrdə bu izah eqoizmə, özünütəsdiq kompleksinə, məsuliyyətsizliyə və s. gedib çıxır.
Yeri gəlmişkən, son hadisədə “Azəravtoyol”un günahı da yox deyil – yolun çökək olması bir ailənin faciəsinə səbəb oldu. Sonradan tələm-tələsik gedib hadisə baş vermiş yola yamaq vurmaqla ayıblara yamaq vurmaq mümkün olmayacaq. Davamlı monitorinqlər aparılmalı, bu cür təhlükəli yerlər aşkarlanaraq vaxtında təmir olunmalıdır... Ailələrin, körpələrin həyatı yarımçıq qalmamış...
Gəlin, hər halda, biz həyatımızı AAYDA-lara etibar etməyək. Və etiraf edək ki, həm dəm qazından boğulma, həm də yol qəzalarının baş verməsində hər nə qədər hansısa əlaqədar qurumları ittiham etsək də, birinci günahkar özümüzük – “əşşi, heç nə olmaz” yanaşması çox vaxt bizim əzrayılımıza çevrilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.