BAKI, 19 fevral — Sputnik. Azərbaycan Ağır Atletika Federasiyasının (AAF) yeni prezidenti seçilib. Sputnik Azərbaycan-nın məlumatına görə, bu, kənd təsərrüfatı naziri İnam Kərimovdur.
Xatırladaq ki, şənbə günü Gənclər və İdman Nazirliyinin inzibati binasında AAAF-ın hesabat-seçki konfransı baş tutub. Bundan öncə AAAF-a "Azərbaycan Hava Yolları" QSC-nin prezidenti Cahangir Əsgərov rəhbərlik edib.
Məlumat üçün bildirək ki, İnam Kərimov 2018-ci ildə prezident İlham Əliyevin sərəncamı ilə Kənd Təsərrüfatı naziri vəzifəsinə təyin olunub
İnam Kərimov AAF prezidenti kimi ilk açıqlamasını da verib. "Ağırlıqqaldırmanın üzləşdiyi əsas məsələ dopinqlə mübarizədir", - o deyib.
Kərimovun sözlərinə görə, belə halların üzə çıxması səbəbindən yığma komanda beynəlxalq yarışların bəzilərindən kənarda qalıb: "Adından göründüyü kimi, bu, ağır atletikadır. Bəzi məsələlərin həlli üçün tədbirlər görülməlidir. Azərbaycanın yığma komandasının qarşıdakı beynəlxalq yarışlarda və olimpiadada uğurla çıxış etməsini istəyirik".
Federasiya rəhbəri bütün dünyanın dopinqə qarşı mübarizə aparmasının vacibliyini vurğulayıb.
"İdmançılarla birlikdə iş aparmalı və onları maarifləndirməliyik. Əsas birinci məqsədimiz bu problemləri, çətinlikləri dinləmək və ondan sonra qısa, orta və uzun müddətli hədəflər müəyyən etməkdir. Əsas məsələ bu idman sahəsinə rəğbəti daha da artırmaqdır", - Report Kərimovun sözlərini sitat gətirib.
Kərimov yeni nəsil idmançıların yetişməsini ən böyük priotetlərdən biri adlandırıb: "Üzərimizə düşən ən böyük vəzifə bölgələrdə gələcək potensialları müəyyənləşdirməkdir. Bunun üçün bütün şərait yaradılıb".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.