BAKI, 17 fevral — Sputnik. Rusiya Prezidenti Vladimir Putin Dövlət Dumasının "Donetsk Xalq Respublikası" ("DXR) və "Luqansk Xalq Respublikası"nın tanınması ilə bağlı müraciətinə hələ cavab verməyib. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov cümə axşamı günü jurnalistlərlə söhbətində bildirib. Onun sözlərinə görə, Rusiya hakimiyyətinin bundan sonrakı hərəkətləri prezidentin qərarından asılıdır.
"Xeyr (cavab verməyib - red.). Əlbəttə ki, nəzərə alınıb. Bundan sonra hər şey prezidentin qərarından asılı olacaq", - deyə Peskov bildirib.
Qeyd edək ki, Rusiya Federasiyasının Dövlət Duması çərşənbə axşamı "DXR" və "LXR"-in tanınmasının zəruriliyi ilə bağlı Rusiya prezidentinə müraciətə səs verib. "DXR" və "LXR" rəhbərləri Denis Puşilin və Leonid Paseçnik Dövlət Dumasının deputatlarının qərarını alqışladıqlarını bəyan ediblər.
Rusiya lideri Vladimir Putin isə Almaniya kansleri Olaf Şoltsla Moskvada keçirdiyi mətbuat konfransında Dövlət Dumasının müraciətinə münasibət bildirərək, Donbas probleminin həlli üçün hər şeyi edəcəyini, bununla belə, Minsk razılaşmalarının potensialının hələ tükənmədiyini deyib.