CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Arvadını da, qızını da sevən" Həsənov necə qatil oldu? - FOTO

Qonşular qızı və həyat yoldaşını qətlə yetirən E.Həsənovun ruhi xəstəliklərdən əziyyət çəkdiyini bildiriblər.
Sputnik
BAKI, 13 fevral — Sputnik. Şəmkirdə ağır qətl hadisəsi törədilib. Rayonun Çinarlı kəndində yaşayan 34 yaşlı Elməddin Həsənov həyat yoldaşını və azyaşlı qızını bıçaqlayaraq öldürüb.
Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, hadisə səhər saat 7 radələrində baş verib. Evdə dava salan E.Həsənov 27 yaşlı hamilə arvadı Lalə Həsənovaya və 8 yaşlı qızı Qumruya mətbəx bıçağı ilə çoxsaylı zərbələr endirərək qətlə yetirib. Qonşular onun ruhi əsəb xəstəliyindən əziyyət çəkdiyini bildirir, lakin hadisənin bu səbəbdən baş verdiyinə inanmadqlarını deyirlər.
Hadisəni törədən E.Həsənovun əmisi Tofiq Həsənov
Hadisəni törədən E.Həsənovun əmisi Tofiq Həsənov indiyədək qardaşı oğlunun ailəsində heç bir narazılıq eşitmədiyini söyləyib. Lakin E.Həsənovun başında möhkəm ağrılardan əziyyət çəkdiyini deyib.
“Onlarda heç vaxt narazılıq, dava-dalaş söhbəti olmayb. Qonşular da mənim fikrimi təsdiqləyərlər. Övladını da çox istəyirdi, yoldaşını da. Övladına bir çırtma da vurmayıb indiyə kimi. Bu hadisə bizi də şoka saldı”, - T.Həsənov bildirib.
Qonşu Mehman Kərimov da E.Həsənovu ailəcanlı, mehriban bir insan kimi tanıdığını bildirib:
“Səhər qalxdım ki, səs var. İndiyə kimi onların evndən səs-küy eşitməmişəm. Mən də inanmadım. Bir gün bundan qabaq küçədə demişik-gülmüşük, danışmışıq. Elə adam deyildi. Öz işi-gücü ilə məşğul olan biriydi”.
Şəmkir rayon prokurorluğunun böyük müstəntiqi Nicat Məmmədli açıqlamasında E.Həsənovun ruhi xəstə olması ilə bağlı iddialar təsdiqini taparsa, işə əlavə detallar artırıla bilinəcəyini deyib.
“Onun ruhi xəstəlikdən əziyyət çəkməsi istintaq zamanı müəyyən olunacaq. Əgər bu təsdiq olunarsa, onunla bağlı cinayət-prosesual qanunvericiliyin tələblərinə uyğun olaraq qanuni tədbirlərin görülməsi təmin olunacaq”, - Məmmədli bildirib.
Məhkəmə tibbi ekspertizanın yekun rəyindən sonra cinayət işinə yeni təfərrüatların əlavə olunacağı istisma edilmir. İş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Eləcə də oxuyun:
* Şəmkir səhəri dəhşətli xəbərlə açdı: hamilə qadın və qızı öldürülüblər