BAKI, 9 fevral — Sputnik. Fevral ayının 7-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Göytəpə" sərhəd dəstəsinin hərbi qulluqçularının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Yardımlı rayonunun Arus kəndinin yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində sərhədboyu ərazidə 1 ədəd sahibsiz bağlama aşkarlanıb.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə DSX-nin Mətbuat Mərkəzi məlumat yayıb.
Bildirilib ki, dövlət sərhədlərinin mühafizəsinin təmin edilməsi, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində sərhəd mühafizə və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Qeyd olunub ki, həmin bağlamaya baxış zamanı təxmini çəkisi 12 kiloqram narkotik vasitəyə (10 kq 70 qram heroin, 1 kq 25 qram metamfetamin) bənzər maddələr aşkarlanaraq götürülüb.
Fakt üzrə zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Xatırladaq ki, 2021-ci il ərzində 3 ton 57 kiloqram 111 qram narkotik vasitənin, 131 milyon 52 min 393 manat dəyərində qaçaqmalın dövlət sərhədindən qanunsuz keçirilməsinin qarşısı alınıb, 15 ton 408 kq narkotik xassəli bitki məhv edilib. Eyni zamanda 2021-cu ildə dövlət sərhədini pozduqlarına görə 456 nəfər, sərhəd rejimini pozduqlarına görə 4 545 nəfər, axtarışda olan 2154 nəfər, saxta sənədlərlə 227 nəfər, özgəsinə məxsus sənədlə 4 nəfər, gizli şəkildə sərhəd nəzarəti məntəqələrindən keçməyə cəhd edərkən 3 nəfər saxlanılıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Həmçinin oxuyun: