BAKI, 3 fevral — Sputnik. Azərbaycan Həndbol Federasiyasında (AHF) hesabat-seçki konfransı keçirilib.
Sputnik Azərbaycan xəbər verir ki, tədbir Gənclər və İdman Nazirliyinin inzibati binasında baş tutub.
AHF-in hazırkı prezidenti Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov yenidən qurumun rəhbəri seçilib. O, növbəti 4 ildə də federasiyaya rəhbərlik edəcək.
Azərbaycan Həndbol Federasiyası
SSRİ Həndbol Federasiyası 1954-cü ildə yaranandan sonra onun tərkibində fəaliyyət göstərən Azərbaycan Həndbol Federasiyası formalaşdırılıb. 25 ildən artıq dövrdə bu Federasiyaya SSRİ dərəcəli hakim, Tibb Akademiyasının professoru Kamal Kəbirlinski rəhbərlik edib.
SSRİ dağılandan sonra 1992-ci ildə müstəqil Azərbaycanın ilk Həndbol Federasiyası yaradılıb. Federasiyanın prezidenti əvvəl AZ.NEFTEMAŞ zavodunun məsul işçisi, “ZİL mərkəz” mərkəzinin direktoru Sabir Hacıyev, 1999-cu ilin dekabr ayından isə Azərbaycan Dövlət Qiymətli Kağızlar Komitəsinin sədri, sabiq iqtisadi inkişaf naziri Heydər Babayev olub.
2016-cı ilin dekabrın 1-də Milli Olimpiya Komitəsində Azərbaycan Həndbol Federasiyasının fəaliyyəti ilə bağlı keçirilən konfransda “Azəravtoyol” ASC-nin sədri Saleh Məmmədov səsvermə nəticəsində Azərbaycan Həndbol Federasiyasının prezidenti seçilib.