Orta məktəblə bağlı ara-sıra hansısa videonun gündəmə gəlməsinə bir növ adətkərdə olmuşuq. Elə bu günlərdə dərs zaman sinif otağında tədris prosesinə uyğun olmayan davranışa 165 saylı məktəbdə şagirdlərin yol verməsi növbəti dəfə sosial şəbəkədə qızğın polemika yaradıb.
Uşağı vuran müəllim də töhmət alır, vurmayan da
Videoda şagirdlərin qeyri-adekvat hərəkət etməsi açıq-aydın görünür. Kimi ayağını partaya yerləşdirib, kimi otaqda ora-bura qaçır. Sinifdə olan müəllim isə sanki bunları görmür. Doğrudur, belə bir halın olmasına reaksiya olaraq məktəb rəhbərliyi araşdırma aparmağa məcbur olub, fənn müəlliminə isə töhmət verilib. İşə polis də qarışıb, valideyn və şagirdlərdən izahat alınıb.
Bir sözlə, bu gün uşağı vuran müəllim də töhmət alır, vurmayan da. Kimi dindirirsən, təhsildən narazılıq edir, baş verənlərə görə dövləti, Təhsil Nazirliyini, məktəbin rəhbərliyini, sonda da müəllimi tənqid edir. Di gəl, özünü tənqid edən, uşağa düzgün tərbiyə vermədiyini boynuna alan bir valideynə rast gəlməzsən. Əksəriyyətin mövqeyi belədir: hamı günahkardır, bircə biz yox, uşağı nə döymək olar, nə də başqa bir vasitəyə əl atmaq. Sözlə başa salmaq, nə bilim, psixoloqa yollamaq lazımdır. Nəticə olmasa, valideyni məktəbə çağırmaq gərəkdir.
Bir müddət öncə sosial şəbəkə iştirakçılarının bir çoxu paytaxtda fəaliyyət göstərən 9 saylı orta məktəbin direktoru Zinyət Əhmədovanın şagirdlərə fiziki təzyiq göstərməsinə münasibət bildirərək uşağın göyülməsini mümkünsüz olduğunu qeyd ediblər. Hərə bir yol göstərib: kimi deyir, valideyni çağır, kimi deyir, məktəbdən xaric elə, kimi deyir psixoloq çağır, amma döymə.
Tərbiyə ailədən başlayır
Məsələ əslində çox qəlizdir. Uşağın düzgün tərbiyə alması birbaşa valideynə bağlıdır. Evdə tərbiyə almayan gəncin məktəbdə özünü normal aparacağı mümkünsüzdür. Doğrudur, məktəbin də təlim-tərbiyədə rolu yüksəkdir, amma tərbiyə evdən-ailədən başlayır. Bir sinfə, məktəbə həm tərbiyəli, həm savadlı, həm həvəsli şagirdi toplamaq olmur, çünki hamı eyni cür deyil. Tərbiyəsizi də var, savadsızı da, həvəssizi də.
Uşaq var, deyir, oxumuram, bütün günü küçədə avaralanmaq mənə xoşdur. Əlinə imkan düşən kimi dərsdən qaçıb veyllənir. Nə eləsən, xeyri yoxdur, belə uşaq yalnız dərs prosesini pozur, məktəbin üzərinə düşən bir yükdür. Hətta valideyni də onunla məşğul olmaqdan vaz keçib, bilmir, nə etsin. Bəzən avaralığı sevən uşağın başını qatmaq üçün aparıb verir idmana: cüdo, karate, güləş bölməsinə. Özü də məşqçiyə deyir, bir az sərt ol, çubuğu əlindən vermə.
Belə tip uşağa elə əlində çubuq olan, özü də sərt qaydada onu ora-bura qovan birisi məsləhətdir, çünki enerjisi çox, onu sərf etməyə yeri yoxdur. Ümumən dərs oxumaq istəmir, amma məşqçinin “gündəlikdə yalnız yaxşı qiymət olmalıdır” tələbindən çəkinərək dərsinə daha ciddi yanaşmağa məcburdur.
Yəhudi anası və bizimkilər
“Yəhudi anası” deyilən bir anlayış var. Yəni yəhudi millətindən olan qadınlar uşağın bir dəqiqə belə boş zamanı olmasına imkan vermirlər, amma hər bir kiçik uğuruna belə sevinir, onu başqasının yanında tərifləyirlər. Nəticədə uşağın bütün gizli istedadı üzə çıxır, musiqi, idman, rəsm neqativ enerjinin pozitivə transformasiya edilməsinə imkan yaradır.
Hansı sahəyə diqqət yetirsək, bu millətdən olan insanların bolluğunu müşahidə edərik. Bir sözlə, valideyn heç bir halda öz yaxasından məsuliyyəti kənara atmaz, hər an uşağının yanında olar. Hələ uşaq anadan olmamış onun nə edəcəyi, boş vaxtında hansı istedadını inkişaf etdirəcəyi qabaqcadan məlumdur.
Azərbaycan valideyni də uşağını çox sevər, əzizləyər, istədiyini alar, heç bir arzusunu ürəyində qoymaz. Yeri gəlsə, məktəbdə də, ali təhsil ocağında da uşağın yaxşı qiymətini təmin etmək üçün rüşvət verməkdən çəkinməz, təki ürəyi inciməsin, başqasından geri qalmasın.
Sonra pul verib uşağı bir yaxşı işə düzəldər, maşın alar, ev verər. Öz istəyinə uyğun bir qız da seçib evləndirər də. Sonra gəlinlə dava-qırğına çıxıb nəvəsinin tərbiyəsinə burnunu soxar. Ölən günə kimi uşağından əl çəkməz, amma onun nə istədiyini bilməz, həvəsi olan istiqamətə yönləndirməz. Qız uşağıdırsa, müəllim və ya həkim sənətini oxutdurar, oğlandırsa, gömrüyə, fövqəladəyə, polisə işə düzəldər.
Feysbukda status yazmaqla uşağın tərbiyəsi artmır
Uşağın özünü pis aparması da bu tərbiyə və təhsil sisteminə olan etirazıdır bəlkə də. Əlindəki telefonu götürüb dünyanın o başına səyahət edə bilən birisinə məktəb dərsliyindəki xoruz şeiri çox primitiv gəlir axı. Yəni nədən gözəl bir dizayn qabiliyyəti olan qız uşağı ibtidai sinif müəllimi olmaq kimi bir sıravi peşəni seçməlidir?
Müəllimin üstünə getmək, təhsili tənqid etmək ən sadə yoldur. Açırsan feysbuku, o ki var, döşəyirsən. Bəs haradadır valideyn komitələri? Niyə valideyn növbəli qaydada dərslərə getməsin, müəllimin yanında olmasın? Nədən avaralığa meylli olan uşağına yiyə durmasın?
Müəllim olmaq, bəlkə də dünyada ən ağır yükü boynuna götürməyə bərabər bir işdir. Bənna hasar tikən zaman daşı əyri qoyarsa, uzaqbaşı söküb yenidən tikəcək. Dərzi səhv edib parçanı əyri kəsərsə, paltarı geyinmərik. Müəllim səhv edərsə, uşağın gələcəyi pozular, amma bu yük tək onun çiynində olmamalıdır.
Səhvinə görə müəllimə bir töhmət veriləndə, ikisi də valideynə verilməlidir. Uşağını oxutduran hər bir kəs onun yanında olmalıdır, yaxşı günündə də, pis günündə də. Bir yararsız əməl törədəndə də əlini-qolunu çırmalayıb övladının problemini həll etməlidir. Feysbukda status yazmaqla zaman keçirməkdənsə, yaxınlıqdakı dükandan uşağına bir qutu karandaş, bir bağlama kağız alması daha məsləhətdir.
Eləcə də oxuyun:
* Səs yazısını yayan müəllim: "Direktor qarşıma şərt qoydu" - VİDEO/FOTO