BAKI, 28 yanvar — Sputnik. Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 7.5%, faiz dəhlizinin aşağı həddi 6%, yuxarı həddi isə 9% səviyyəsində müəyyən edilib.
Mərkəzi Bankın sədri Elman Rüstəmov bildirib ki, uçot dərəcəsi 0,25% artırılıb.
Qeyd edək ki, bundan öncə Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 7.25%, faiz dəhlizinin aşağı həddi 6%, yuxarı həddi isə 8.25% səviyyəsində müəyyən edilmişdi.
Mərkəzi Bank sürətlənən inflyasiyanı cilovlamaq üçün artıq 2021-ci ilin ikinci yarısında 3 dəfə faiz artırıb.
İnflyasiyadan asılı olaraq faiz qərarı veriləcək
"Faiz dəhlizinin parametrlərinə dair növbəti qərarlar ortamüddətli dövrə makroiqtisadi proqnozlar və inflyasiyanın risk balansında dəyişikliklər nəzərə alınmaqla qəbul ediləcək. Pul siyasətinə dair adekvat qərarlar verə bilmək üçün Mərkəzi Bank bundan sonra da inflyasiyanın xərc və təklif amillərini sıx monitorinq edəcək, dünya və ölkə iqtisadiyyatlarının müxtəlif ssenarilərdə inkişaf proqnozlarını nəzərdən keçirəcək", - Mərkəzi Bank ötən ilin son iclasından sonra bildirib.
İnflyasiya artıb
İllik inflyasiyanın artması əsasən dünya birja əmtəələrinin bahalaşması və qlobal təchizat zəncirində problemlər kimi xarici mənşəli təklif və xərc şokları ilə izah edilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Həmçinin oxuyun: