BAKI, 28 yanvar — Sputnik. Cari ildə də manatın məzənnəsi sabit olacaq və dayanıqlılığı qorunub saxlanılacaq.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə faiz dəhlizinin parametrlərinə dair onlayn mətbuat konfransında çıxış edərkən Mərkəzi Bankın sədri Elman Rüstəmov deyib.
Onun sözlərinə görə, bank bu istiqamətdə qoruyucu yox, neytral siyasət tətbiq edib və manatı devalvasiyadan yox, revalvasiyadan qoruyub.
"Azərbaycanda valyuta satışlarında azalma müşahidə olunur, düşünürəm ki, əhalimizin milli valyutaya inamı artıb"-deyə o diqqətə çatdırıb.
Beynəlxalq reytinq agentliyi manat ilə bağlı nə demişdi?
Xatırladaq ki, bundan öncə "S&P Global Ratings" ("S&P") beynəlxalq reytinq agentliyinin analitikləri deyiblər ki, güman edirik ki, manat ABŞ dollarına qarşı 1 dollar/1,7 manat səviyyəsində olan sərt bağlılığını qoruyub saxlayacaq.
Agentlik bildirir ki, məzənnə xarici valyuta bazarına müntəzəm müdaxilələr ilə dəstəklənəcək.
"Buna baxmayaraq, fikrimizcə, karbohidrogen qiymətləri kəskin enərsə və uzun müddət aşağı qalarsa, məzənnənin tənzimlənməsi imkanı nəzərdən keçirilə bilər. Bu, Azərbaycan Mərkəzi Bankını 2015-ci ildə yaşadığı xarici valyuta buferlərinin əhəmiyyətli itkisinin qarşısını almağa kömək edəcək", - S&P-nin analitikləri bildirmişdi.
Xatırladaq ki, bu gün Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti uçot dərəcəsinin 0,25 faiz artırılaraq 7,25%-dən 7,5%-ə çatdırılması barədə qərar qəbul edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Həmçinin oxuyun: