SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Cənubi Qafqaza göndərilən ardıcıl mesajlar - Minsk Qrupu regiona qayıdır?

Proseslərdə Rusiyanın da öz maraqları var deyən millət vəkili vurğulayıb ki, ötən ilin sonlarında Brüsseldə keçirilmiş görüşdən öncə Soçi görüşünün təşkil olunması da bunun göstəricilərindən biridir.
Sputnik
BAKI, 28 yanvar — Sputnik. "Son sülh mesajları Avropanın regionda baş verən proseslərdən kənarda qalmaq istəməməsindən qaynaqlanır". Bunu Sputnik Azərbaycan-a açıqlamasında millət vəkili Arzu Nağıyev deyib.
Millət vəkili Arzu Nağıyev deyib ki, ATƏT-in Minsk qrupunun ciddi cəhdlə regiona qayıtmasının şahidi oluruq: "Fransa ATƏT Minsk Qrupunun həmsədr ölkəsi kimi nəyin bahasına olursa-olsun baş verənlərdə iştirakçı olmaq istəyir".
Qeyd edək ki, son zamanlar Azərbaycan-Ermənistan arasında sülhün əldə olunması üçün qərb dövlətləri və Rusiya tərəfindən fəal şəkildə çağırışlar edilir. Sülh quruculuğu prosesindəki aktivləşməyə Azərbaycan və Ermənistandan da müsbət mesajlar gəlməkdədir. Hər iki tərəfdən verilmiş açıqlamalarda sülh prosesinə başlamaq niyyəti ifadə olunur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 25-də İran İslam Respublikasının yol və şəhərsalma naziri, Azərbaycan-İran Hökumətlərarası Birgə İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri Rüstəm Qasimini qəbulu zamanı Ermənistandan da müsbət xəbərlər alındığını ifadə etmişdi.
Proseslərdə Rusiyanın da öz maraqları var deyən millət vəkili vurğulayıb ki, ötən ilin sonlarında Brüsseldə keçirilmiş görüşdən öncə Soçi görüşünün təşkil olunması da bunun göstəricilərindən biridir: "Rusiya öz marağına xidmət etdiyi üçün bütün danışıqlar prosesinin fəal iştirakçısıdır, amma eyni zamanda ABŞ da regionda nüfuzunun azalmasını istəmir. Regionda marağı olan bu ölkələr sülhlə bağlı mesajlar verirlər. Ancaq sülhün təmin edilməsi üçün Ermənistana qarşı təsiredici addımlar atılmalıdır".
"İstər Ermənistan-Türkiyə sərhədlərinin açılması, istərsə də delimitasiya və demarkasiya prosesi, Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü qəbul etməsi və ümumilikdə sülhün əldə olunması bölgənin inkişafına gətirib çıxaracaq məsələlərdir. Eyni ilə Azərbaycan-İran, Azərbaycan-Ukrayna əlaqələrindəki artan təmaslar Qərbin nəzərində Azərbaycanın vacib regional oyunçu kimi əhəmiyyətini bir daha ortaya qoyur. Bunu anlayan dövlətlər sülhün əldə olunması üçün çağırışlar edirlər. Sülhün əldə olunması isə beynəlxalq sərhədlərin tanınmasından keçir", – deyə millət vəkili vurğulayıb.
Politoloq İlyas Hüseynov isə bildirib ki, rəsmi Bakı sülh sazişi üzərində fəal işləmək gərəkli olduğunu dəfələrlə vurğulayıb. Onun sözlərinə görə, sülh prosesi həm Azərbaycanın, həm də Ermənistanın maraq dairəsində olan məsələlərdir: "Amma burada sülhə aparan prosesə nəzər salınmalıdır. Avtomobil və dəmiryolu ilə kommunikasiyaların bərpa olunması, digər tərəfdən Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədlərinin Ermənistan tərəfindən qəbul edilməsi önəmlidir".
Politoloq deyib ki, sülh prosesində müsbət nəticələrə nail olunması istənilirsə, Ermənistan Azərbaycana olan ərazi iddialarını geri çəkməlidir: "Bütün bunlar baş verərsə, sülh prosesi daha sürətlə davam edə və yekun müqavilə imzalana bilər. Rusiyanın və Qərbin də marağındadır ki, sülhlə bağlı daha intensiv işlər aparılsın. Bununla da regionda hərbi eskalasiyalara son qoyula bilər".
"Sülh bölgəyə davamlı inkişaf gətirəcək. Rusiyanın da, Avropanın da regionda sabitlik olmasında strateji maraqları var. Ümumən dünyada yeni transformasiyanın baş verməsinə şahidlik edirik. İri dövlətlər nüfuz dairələrini genişləndirmək uğrunda rəqabət halındadır və bunun üçün addımlar atırlar. Cənubi Qafqazda isə sülhün və təhlükəsizliyin təmin edilməsi bir çox ölkələrin maraq dairəsindədir. Bu səbəbdəndir ki, ardıcıl olaraq Azərbaycan və Ermənistana sülh çağırışları edilir", – deyə politoloq bildirib.
İlyas Hüseynov əlavə edib ki, sülh mesajları ardıcıl olsa da, əməli mərhələdə prosesin pozulmasına yönəlmiş təxribatlarla qarşılaşırıq: "Sülhün əldə edilməsi üçün ilk növbədə təxribatların qarşısı alınmalıdır. Ermənistan isə müxtəlif gedişlərlə prosesin yekunlaşması üçün qərar verilməsinə çətinlik yaradır. Buna görədir ki, sülh üçün atılmış addımlar yetərsiz qalır".
Həmçinin oxuyun:
Rusiya Azərbaycan-Ermənistan sərhədində vəziyyətin gərginləşməsindən narahatdır - Zaxarova
Ermənilər Kəlbəcərdən sonra Tovuzda da təxribat törətdilər
Kəlbəcərdə şəhid olan əsgərimizin ölümü ilə bağlı cinayət işi başlanıb
Ermənistan Kəlbəcər rayonundakı mövqelərimizi atəşə tutub