BAKI, 27 yanvar — Sputnik. Yanvarın 27-də Milli Məclisin İntizam komissiyasının iclası keçirilib. Sputnik Azərbaycan xəbər verir ki, yaz sessiyasının başlanması münasibətilə deputatları təbrik edən komissiyanın sədri Eldar İbrahimov bildirib ki, gündəlikdə Milli Məclisin İntizam komissiyasının 2021-ci ilin yaz və payız sessiyaları dövründə gördüyü işlərə dair məlumata baxılması nəzərdə tutulub.
Milli Məclisin 2021-ci ildə çox səmərəli fəaliyyət göstərdiyini deyən komissiya sədri keçən il İntizam komissiyasının Əsasnaməsinin qəbul olunmasının əhəmiyyətindən danışıb.
Hesabat dövründə İntizam komissiyasının gördüyü işlər barədə məlumat verən Eldar İbrahimov bildirib ki, daxil olan bütün məsələlər diqqətlə araşdırılıb, qanunvericiliyə ciddi riayət etməklə müvafiq tədbirlər görülüb. O cümlədən komissiya 55 saylı Xaçmaz şəhər seçki dairəsi üzrə Milli Məclisin deputatı Eldəniz Səlimovun deputat toxunulmazlığına xitam verilməsi məsələsinə müsbət rəy verib.
Eldar İbrahimov bildirib ki, hesabat dövründə İntizam komissiyasına vətəndaşlardan 20 müraciət daxil olub. Müraciətlər təhlil edilərək araşdırılıb və müvafiq tədbirlər görülüb.
İclasda İntizam komissiyasının ötən il ərzində gördüyü işlər barədə məlumat dinlənildikdən sonra müzakirələr başlanıb. Komissiyanın sədr müavini Fəzail Ağamalı, deputatlar Hikmət Məmmədov, Məlahət İbrahimqızı, Nəsib Məhəməliyev, Nizami Səfərov və Madər Musayev komissiyanın son bir ildəki fəaliyyətini və təqdim olunan hesabatı yüksək qiymətləndiriblər.
Müzakirələrin yekununda İntizam komissiyasının hesabatı məqbul sayılıb.
Qeyd edək ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, E.Səlimov 3 il 6 ay azadlıqdan məhrum edilib. Hökmdə o da bildirilir ki, E.Səlimov 2 il 6 ay müddətinə vəzifə tuta bilməz.
Xatırladaq ki, 29 iyul 2021-ci il tarixdə Xaçmaz şəhərində yerləşən "Starıy Dvor" restoranında Azərbaycan Respublikası Milli Məclisinin deputatı Eldəniz Səlimovun polis əməkdaşına xidməti vəzifələrinin icrası ilə əlaqədar zor tətbiq etməsi faktı ilə bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanıb.
İstintaqla qeyd edilən tarixdə Eldəniz Səlimovun qohumuna məxsus olan restoranda Xaçmaz rayon polis şöbəsinin Qeydiyyat və şəxsiyyət vəsiqəsi Qrupunun inspektoru, polis leytenantı Zaur Mirzəyevin bir neçə gün öncə öz xidməti vəzifəsini icra edərək həmin restoranda xüsusi karantin rejimi qaydalarının pozulması ilə əlaqədar etdiyi qanunamüvafiq hərəkətləri özünə hörmətsizlik kimi qiymətləndirərək Zaur Mirzəyevin ünvanına nalayiq ifadələr işlətməklə sonuncunun sifət və baş nahiyəsinə yumruq və başı ilə zərbələr vurmaqla sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirməsinə əsaslı şübhələr müəyyən edilib.
Eldəniz Səlimov Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, barəsində həbs qətimkan tədbiri seçilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Həmçinin oxuyun: