BAKI, 27 yanvar — Sputnik. Təhsil Nazirliyi Ağstafa rayonunun Aşağı Kəsəmən kənd tam orta məktəbinin direktoru Mətanət Məmmədovanın sosial şəbəkələrdə yayılan səs yazısı barədə araşdırmalar aparır. Bu barədə Sputnik Azərbaycan-a nazirlikdən bildirilib.
"Görülən tədbirlə bağlı qısa zamanda ictimaiyyətə məlumat veriləcək", - nazirlikdən qeyd olunub. Report.
Qeyd edək ki, Ağstafa Rayon Aşağı Kəsəmən kənd tam orta məktəbinin direktorunun rüşvət istəməsi barədə səs yazısı yayılıb.
Sputnik Azərbaycan-ın məlumatına görə, məktəb direktoru Mətanət Məmmədova müəllimdən əlavə dərs saatları müqabilində hər ay ona pul verməsini tələb edir. V.Məmmədova isə pulu vermək üçün imkanının olmadığını bildirib. Daha sonra direktor müəllimi otaqdan qovub,məsələ barədə danışacağı təqdirdə başına oyun açacağını bildirib. Həmin səs yazısını təqdim edirik:
"Whatsapp" qrupunda səsi yayılan direktor
Xatırladaq ki, ötən ilin dekabr ayında da Bakı Şəhəri üzrə Təhsil İdarəsi 189-190 nömrəli tam orta məktəbin direktorunun müəllimlərdən pul yığılmasını əks etdirən səs yazısı yayılmışdı. Məktəb direktoru Ceyran Quliyevanın müəllimlərin "Whatsapp" qrupunda pul yığılması ilə bağlı səs yazısı yayılıb. O, səs yazısında müəllimlərdən bütün siniflərdən pul yığmağı tələb edib.
Direktora rüşvətə görə cinayət işi açıldı
Bundan öncə isə Abşeron rayonu Mehdiabad qəsəbəsi 5 saylı tam orta məktəbin sabiq direktoru Samirə Əkbərovanın qanunsuz əməlləri barədə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanan cinayət işinin ibtidai istintaqı tamamlanıb.
Abşeron rayon prokurorluğundan verilən məlumata görə, aparılan istintaqla müəyyən edilib ki, Samirə Əkbərova həmin məktəbin direktoru vəzifəsində işləyərkən, öz qulluq mövqeyindən istifadə edərək Təhsil Nazirliyinin işə qəbulla bağlı müəyyən edilən qaydalarından kənar ayrı-ayrı vətəndaşlara onların həm özününün direktoru olduğu orta məktəbə, həm də digər təhsil müəssisələrinə xeyli miqdarda pul müqabilində müəllim, kitabxana müdiri və sair vəzifələrə düzəldəcəyi barədə yalan vədlər verib aldadaraq, həmin vətəndaşların 30 min manat məbləğində pulunu dələduzluq yolu ilə ələ keçirib.
Samirə Əkbərovaya Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4 (xeyli miqdarda dələduzluq şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə təkrar törədildikdə),32.4, 312.2-ci (vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər etməyə görə ona rüşvət vermə, təkrar rüşvət verməyə təhrik etmə) maddələri ilə ittiham elan olunub, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
Cinayət işi baxılması üçün aidiyyəti üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Xatırladaq ki, bir müddət öncə Dövlət büdcəsi vəsaitlərinin Sabunçu rayonu, Balaxanı qəsəbəsi, C.Cahangirov adına 4 saylı tam orta məktəbdə direktor vəzifəsində işləyən Rəhimova Fətdanə Əsədulla qızı tərəfindən maliyyə vəsaitinin mənimsəməsinə dair Sabunçu rayon prokurorluğunda araşdırma aparılıb.
Araşdırma nəticəsində Rəhimova Fətdanə Əsədulla qızının vəzifə səlahiyyətlərindən istifadə edərək rəhbərlik etdiyi təhsil müəssisəsinin əməkdaşlarının işə gəlməmələrinə şərait yaradıb onlara ayrılmış 35.000 manat əmək haqqını mənimsəməsinə əsaslı şübhələr müəyyən edildiyindən Sabunçu rayon prokurorluğunda cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
Fətdanə Rəhimova Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə), 179.2.4 (xeyli miqdarda ziyan vurmaqla törədildikdə),308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Həmçinin oxuyun: