CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda kişilərə ödənişli atalıq məzuniyyəti veriləcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Əmək Məcəlləsinə dəyişikliklər ilə bağlı yeni qanun layihəsi hazırlanıb.
Sputnik
BAKI, 27 yanvar — Sputnik. Əmək qanunvericiliyinin təkmilləşdirilməsi tədbirləri çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Əmək Məcəlləsində dəyişikliklər edilməsinə dair yeni qanun layihəsi hazırlanıb.
Sputnik Azərbaycan APA-ya istinadla xəbər verir ki, layihədə bir çox təkliflər, eləcə də əmək məzuniyyətləri ilə bağlı bir sıra yeni təkliflər əksini tapır.
Bu təkliflərdən biri də Əmək Məcəlləsinin 125-ci maddəsinə dəyişiklik edilməsini, yəni, hamiləliyə və doğuşa görə arvadı məzuniyyətdə olan kişilərə doğuş gününə təsadüf edən ərəfədə səhiyyə müəssisəsinin arayışı əsasında 14 təqvim günü müddətində ödənişli məzuniyyət verilməsini nəzərdə tutur.
Məcəlləyə dəyişiklik edilməsi ilə bağlı yeni qanun layihəsi hazırda aidiyyəti qurumlarla razılaşdırma mərhələsindədir. Bu mərhələdən sonra layihə aidiyyəti üzrə təqdim ediləcək.
Qeyd edək ki, mövcud 125-ci maddə "Hamiləliyə və doğuşa görə məzuniyyətlər" adlanır.
Həmin maddə belədir:
1. Hamiləlik dövründə və doğuşdan sonrakı dövr üçün işləyən qadınlara 126 təqvim günü (doğuşdan əvvəl 70 təqvim günü və doğuşdan sonra 56 təqvim günü) müddətində ödənişli məzuniyyət verilir. Doğuş çətin olduqda, iki və daha çox uşaq doğulduqda doğuşdan sonrakı məzuniyyət 70 təqvim günü müddətində verilir.
2. Kənd təsərrüfatı istehsalında çalışan qadınlara hamiləliyə və doğuşa görə məzuniyyət aşağıdakı müddətlərdə verilir:
a) normal doğuşda 140 təqvim günü (doğuşdan əvvəl 70 təqvim günü və doğuşdan sonra 70 təqvim günü);
b) doğuş çətin olduqda 156 təqvim günü (doğuşdan əvvəl 70 təqvim günü və doğuşdan sonra 86 təqvim günü);
c) iki və daha çox uşaq doğulduqda 180 təqvim günü (doğuşdan əvvəl 70 təqvim günü və doğuşdan sonra 110 təqvim günü).
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Həmçinin oxuyun:
Anaların 35 yaş sindromu - yeni trend gəncliyimizə yaxşı heç nə vəd etmir
Qanunda tələblərin sərtləşdirilməsi selektiv abortların qarşısını ala bilməyib
Ailə faciəsi, yoxsa “xoşbəxt”liyin kəsə yolu
Rusiyada "atalıq kapitalının" tətbiqi təklif olunur