BAKI, 24 yanvar - Sputnik. Ermənistan baş naziri Nikol Paşinyan bazar ertəsi, yanvarın 24-də keçirilən mətbuat konfransında Ermənistanın Azərbaycanla sülh müqaviləsi üzrə danışıqlara hazır olduğunu bəyan edib.
Onun sözlərinə görə, Ermənistan ilə Azərbaycan arasında sülh müqaviləsi imzalanmalıdır, ancaq bu razılaşma tərtib edilməli, formalaşdırılmalıdır. Paşinyan vurğulayıb ki, bu, danışıqların mövzusudur.
1992-ci ildə Azərbaycan və Ermənistan parlamentlərinin MDB sərhədləri çərçivəsində ərazi bütövlüyünün tanınması, sərhədlərin toxunulmazlığı barədə sənədləri ratifikasiya etdiyini yada salan Paşinyan bildirib ki, "bir çox məsələ və detallar həll olunmamış qalıb və bunun üçün danışıqlar aparılmalıdır".
Eyni zamanda Paşinyan məlumat verib ki, Yerevan Bakı ilə Moskvaya sərhəddə təhlükəsizlik və sabitliyin artırılması barədə təkliflərini verib. Həmçinin sərhədlərin delimitasiya və demarkasiyası barədə də. Ermənistan baş naziri prosesin bu detallarını açıqlamasa da, həmin komissiyanın mümkün qədər tez formalaşdırılmalı olduğunu deyib.
Azərbaycanın sülh təklifi
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev bir neçə dəfə Ermənistan tərəfinə sülh müqaviləsini imzalamağı təklif edib. Həmçinin dövlət başçısı Qarabağ münaqişəsinin artıq həll edildiyini, keçmişdə qaldığını dəfələrlə vurğulayıb.
Vətən müharibəsi
2020-ci il sentyabrın 27-si Ermənistan silahlı qüvvələrinin cəbhə xəttində törətdikləri genişmiqyaslı təxribata cavab olaraq Azərbaycan Ordusunun əks-hücumu başladı.
Oktyabrın 9-u Cəbrayıl, oktyabrın 17-si Füzuli, oktyabrın 20-si Zəngilan, oktyabrın 25-i Qubadlı, noyabrın 8-i isə Şuşa şəhəri erməni işğalçılarından təmizləndi.
Noyabrın 9-da Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya lideri Vladimir Putin, Ermənistanın baş naziri Nikol Paşinyan arasında imzalanmış üçtərəfli bəyanatın şərtlərinə əsasən, noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonları bir güllə atılmadan işğaldan azad edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Eləcə də oxuyun:
* Azərbaycan və Ermənistan sərhədinin təyini: bir xəritə olmayacaq