İQTİSADİYYAT

Azərbaycanın bank sektorunun aktivləri artıb

Bankların aktivlərinin 15 513,3 milyon manatını müştərilərə verilmiş xalis kreditlər təşkil edib.
Sputnik
BAKI, 24 yanvar — Sputnik. Bu il yanvarın 1-nə Azərbaycanın bank sektorunun aktivləri 38 462,2 milyon manat təşkil edib. Sputnik Azərbaycan Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 20% çoxdur.
Bankların aktivlərinin 15 513,3 milyon manatını müştərilərə verilmiş xalis kreditlər təşkil edib. Son 1 ildə sektorun kredit portfeli 19,1% böyüyüb, kreditlərin aktivlərdəki payı isə 40,6%-dən 40,3%-ə enib.
Hesabat dövründə bank sektorunun öhdəlikləri 22,4% artaraq 33 492,9 milyon manata, o cümlədən depozit portfeli 30% artaraq 26 938,3 milyon manata çatıb. Bunun 9 032,4 milyon manatı fiziki, 17 905,9 milyon manatı isə hüquqi şəxslərin depozitləridir. İl ərzində əhalinin banklardakı vəsaitləri 12,3 %, şirkətlərin banklardakı vəsaitləri isə 41,2% artıb.
Son 1 ildə bankların Azərbaycan Mərkəzi Bankı qarşısında öhdəliyi isə 14,8% azalaraq 319,1 milyon manat olub.
Sektorun balans kapitalı isə 5,7% artaraq 4 969,3 milyon manat təşkil edib.
Həmçinin, 2021-ci ildə Azərbaycanın qiymətli kağızlar bazarında 16 879,3 milyon manatlıq əməliyyat aparılıb.
İllik göstəricinin 8,353 milyard manatlıq hissəsi ilkin bazarda (təxminən 8,2% az), 8 526,3 milyon manatlıq hissəsi isə təkrar bazarda (67,7% çox) formalaşıb.
Hesabat dövründə qiymətli kağızlar bazarında 12 566 əqd bağlanılıb. Bu illik müqayisədə 99,6% çoxdur. Əqdlərin 2 702-si ilkin bazarın (81,2% çox), 9 864-ü isə təkrar bazarın (2,1 dəfə çox) payına düşüb.
Ötən il Azərbaycanın qiymətli kağızlar bazarında aparılmış əməliyyatların 7 287,8 milyon manatlıq hissəsi və yaxud 43,2%-i dövlət qiymətli kağızlarının, 2 395,1 milyon manatlıq hissəsi və yaxud 14,2%-i korporativ qiymətli kağızların, 7 196,3 milyon manatlıq hissəsi və yaxud 42,6%-i isə repo əməliyyatlarının payına düşüb. Bu, 1 il əvvələ nisbətən müvafiq olaraq 15,5% az, 28,6% az və 3,3 dəfə çoxdur.
2021-ci ildə bu bazarda bağlanmış əqdlərin isə 2 206-sı və yaxud 17,6%-i dövlət qiymətli kağızlarının, 6 076-sı və yaxud 48,4%-i korporativ qiymətli kağızların, 4 284-ü və yaxud 34,1%-i isə repo əməliyyatlarının payına düşüb. Bu isə illik müqayisədə müvafiq olaraq 27%, 87,7% və 3,2 dəfə çoxdur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Həmçinin oxuyun:
Beynəlxalq qurum Azərbaycan manatının məzənnəsi ilə bağlı proqnoz verdi
Əhali pulunun çoxunu tibbi ləvazimat və dərmana xərcləyir - İlginc səbəblər
Nazir: Ölkədə ÜDM on bir milyard manat artıb