BAKI, 22 yanvar — Sputnik. Artıq bir neçə gündür, həm Azərbaycan, həm də Ermənistan tərəfindən iki ölkə arasındakı sərhədlərin delimisiya və demarkasiya prosesinə başlamaqla bağlı pozitiv açıqlamalar verilir. Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Vahan Hunanyan ölkəsinin Azərbaycanla dövlət sərhədinin demarkasiyası işlərinə şərt irəli sürmədən başlamağa hazır olduğunu bildirib.
Sputnik Azərbaycan tərəflərin açıqlamalarının diplomatik masadakı perspektivlərini araşdırıb. Mövzu ilə bağlı millət vəkili Arzu Nağıyev və politoloq Nazim Cəfərsoy fikirlərini bölüşüblər.
Millət vəkili Arzu Nağıyev deyib ki, ilk növbədə prosesə başlamaq üçün hər iki ölkənin rəsmilərinin iştirakı ilə komissiyalar fəaliyyətə başlamalıdır.
Onun sözlərinə görə, həmin komissiyaların ümumi rəyindən sonra konkret nəticə almaq mümkündür:
Arzu Nağıyev hesab edir ki, proses başa çatmadığı müddətdə Ermənistan tərəfinin sərhəddəki təxribatları davam edəcək: "Ermənistan tərəfi müharibədəki məğlubiyyətdən sonra strateji yüksəkliklərdən məhrum olub. İndi təxribatlarla öz postlarını əlverişli yüksəkliklərə çəkmək istəyir. Təxribatlar isə itkilərlə nəticələnir. Təxribatların qarşısının alınması üçün beynəlxalq təşkilatlar və hegemon dövlətlər də bəyanatlar səsləndirir. Ancaq məsələnin yeganə həll yolu sərhədlərin delimitasiya və demarkasiyasından keçir".
Politoloq Nazim Cəfərsoy isə bildirib ki, verilən bəyanatlar delimitasiya və demarkasiya ilə bağlı məsələlərin yeni bir mərhələyə keçdiyini göstərir: "Son bəyanatlardan da məsələ ətrafında müsbət tendensiya olduğunu görürük. Artıq məsələnin daxilindəki konkret mövzular ətrafında müzakirələrin getdiyi ortaya çıxır. Ermənistan tərəfi çalışır ki, Qarabağın bu prosesə aid olmadığını qəbul etdirsin. Azərbaycan tərəfi isə Ermənistana öz ərazi bütövlüyünü qəbul etdirməkdə israrlıdır. Mənim fikrimcə, hazırda razılaşmaya mane olan ən problemli nöqtə budur".
Nazim Cəfərsoy deyir ki, proses baş tutacağı təqdirdə orada bir maddə təsbit olunmalıdır ki, tərəflər bir-birinin ərazi bütövlüyünü tanıyırlar: "O da Qarabağın Ermənistan tərəfindən Azərbaycan ərazisi kimi qəbul edilməsi deməkdir. Amma düşünürəm ki, Ermənistan tərəfi gec, ya tez bunu qəbullanacaq. İkinci məsələ isə sərhədlərin hansı xəritələr əsasında müəyyənləşməsidir".
"Delimitasiya və demarkasiya məsələsində ümumi uzlaşma belə idi ki, SSRİ dövründəki xəritələrdən istifadə olunacaq. Tərəflər məsələni hərbi xəritələr üzərindən həll etməyi qəbul edirlər. Həmin xəritələr Rusiya Baş Qərargahında mövcuddur. Əslində düşünürəm ki, bu xəritələr Azərbaycanda da var", – deyə politoloq bildirib.
O qeyd edib ki, proses həmçinin geosiyasi əhəmiyyət kəsb edir:
"Digər problem anklavlarla bağlıdır. Mən səhnə arxasında müzakirələrin onlar ətrafında da aparılması düşüncəsindəyəm. Bu ilin ortasına qədər məsələ ilə bağlı komissiyanın qurulacağı və müzakirələrin başlayacağı qənaətindəyəm. Proses ərzində problemli məqamların müvəqqəti olaraq geri plana çəkiləcəyini düşünürəm", - deyə Nazim Cəfərsoy qeyd edib.