BAKI, 20 yanvar — Sputnik. Azərbaycan xalqı ölkəmizin müstəqilliyi uğrunda şəhid olanların əziz xatirəsini daim uca tutub. Bakıda törədilən qətliamdan sonra xalqımız şəhid olanları böyük ehtiramla dəfn etdi.
O vaxt Azərbaycanda 20 Yanvar şəhidlərinin xatirəsinə ilk abidə Astara rayonunun Şiyəkəran kəndində ucaldılıb. Kənd sakini Yunus Qulamov bu abidənin şəhidlərimizin qırx mərasiminə bir həftə qalmış hazırlanıb kəndin mərkəzində qoyulduğunu Sputnik Azərbaycan-a bildirdi.
Şiyəkəran kəndində abidə
© Sputnik / Rahim Muradov
- Həmin günlərdə yollar, xüsusən də Ələt-Astara yolu bağlanmışdı. Abidəni Bakıda hazırladıb sovxozun yük avtomobillərindən birinin yük yerində gizlicə kəndə gətirdilər. Abidənin qoyulmasının təşəbbüskarı mənim rəhmətlik dayım, həmin illərdə Şiyəkəranda coğrafiya müəllimi işləyən Ənnam Əmrayev olub. Rəhmətlik Ənnam müəllim bu abidəni qoymaq istəyəndə o vaxt Dövlət Təhlükəsizlik Komitəsinin əməkdaşları dəfələrlə hədə-qorxu gələrək maneə törətməyə çalışıblar. Lakin Ə.Əmrayev öz istədiyinə nail oldu. Amma bu abidə qoyulandan bir il sonra Ənnam Əmrayev müəmmalı şəkildə 35 yaşında dünyasını dəyişdi. Ənnam müəllimin vaxtsız və müəmmalı şəkildə ürək xəstəliyindən vəfat etməsində keçmiş DTK-nın rolunun olduğundan bütün kənd camaatı şübhələndi.
- Abidənin qoyulması üçün lazım olan vəsaitin hamısını mərhum Əmrayev təkcə özümü ödədi?
- Vəsaitin çox hissəsini rəhmətlik dayım Ənnam müəllim vermişdi, digər hissəsi kəndimizdə Sovet hökumətinə qarşı çıxan və müstəqilliyimizi tələb edən kənd ziyalıları tərəfindən verildi.
Şiyəkəran kəndində abidə
© Sputnik / Rahim Muradov
- Mərhum dayınıza həmin vaxt DTK-dan savayı daha kimlər təzyiq göstəriblər?
- Həmin dövrdə rayon rəhbərliyi təzyiq göstərmədi. Amma Dövlət Təhlükəsizlik Komitəsinin əməkdaşları açıq-aşkar təzyiqlər göstərirdilər. Hətta bir neçə dəfə rayon mərkəzinə çağıraraq, “Səni həbs edərik” deyə təhdid də ediblər. O vaxt Astara Rayon Partiya Komitəsinin sədri Sultan Məmmədov idi və bir dəfə də Ənnam müəllimə: “Biz sənə xəbərdarlıq etsək də, mənən səninləyik”, - deyib.
- Yunus müəllim, 20 Yanvar hadisələri vaxtı Bakıda Şiyəkərandan şəhid olan vardımı?
- Həmin hadisələr vaxtı kəndimizdən kimsə orada şəhid olmamışdı. Lakin hadisələrdən sonra Şiyəkəranın hər yerində işıq dirəklərindən qara bayraqlar asılmışdı. Düzü, bu bəyənilmədi, amma insanlarda olan azadlıq eşqi və şəhidlərimizə olan ehtiram hissi güclü olduğundan dirəklərdən qara bayraqları sökmədilər.
Şiyəkəran kəndində abidə
© Sputnik / Rahim Muradov
- Azərbaycanda şəhidlərin xatirəsinə ilk ucaldılan abidə olduğu üçün qonşu kənddən və ya rayonlardan gəlib ziyarət edən olurdumu?
- Bildiyimiz kimi, həmin dövrlərdə yanvar hadisələrinə siyasi qiymət verilmədiyi üçün Bakıda uzun müddət şəhidlərin xatirəsinə abidə ucaldılmadı. Dediyim kimi, bu, yeganə abidədir ki, şəhidlərimizin qırxı çıxmamış artıq kəndimizdə qoyulmuşdu. Artıq kəndimizdə bir növ adət halı alıb, yeni evlənənlər nikah günü gəlib burada abidənin önündə xatirə fotosu çəkdirirlər. İndi də hər il 20 Yanvar hadisələrinin ildönümündə bütün kənd camaatı sözügedən abidəni ziyarət edir.
Eləcə də oxuyun: