BAKI, 19 yanvar — Sputnik. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Qazaxıstanda özünü beynəlxalq terror dəstələrinə qarşı effektli mexanizm kimi göstərdi. Bu fikiri Rusiya xarici işlər nazirinin müavini Oleq Sıromolotov RİA Novosti-yə müsahibəsində səsləndirib.
O xatırladıb ki, Qazaxıstanda baş verən hadisələrin fonunda söhbət "xaricdə ciddi hazırlıq keçmiş beynəlxalq terror dəstələrinin təcavüzündən gedirdi".
"Məhz buna görə də, KTMT-nin Kollektiv Təhlükəsizlik Şurası müqavilənin 4-ci bəndinə əsasən, yanvarın 6-da qurumun kollektiv sülhməramlı qüvvələrini vəziyyəti sabitləşdirmək və normallaşdırmaq üçün məhdud müddətə Qazaxıstana göndərdi", – deyə Rusiya xarici işlər nazirinin müavini əlavə edib.
"Təşkilat Qazaxıstanda hadisələrin gedişatında özünü bu tip təhdidlərə qarşı effektli və tələb olunan mexanizm kimi göstərdi", – Sıromolotov vurğulayıb.
Qeyd edək ki, yanvarın ilk günlərində qaz qiymətlərinin artımına əhalinin kəskin etirazları səbəbindən Qazaxıstanın bir neçə şəhər və vilayətində fövqəladə vəziyyət rejimi elan edilib. Prezident Kasım-Jomart Tokayev yanvarın 5-də ölkədə kütləvi etirazlarla əlaqədar əhaliyə müraciətində bildirib ki, Qazaxıstan Təhlükəsizlik Şurasına bundan sonra özü başçılıq edəcək.
Bununla da 1995-ci ildən bu vəzifəni icra edən ölkənin ilk prezidenti Nursultan Nazarbayevi işindən kənarlaşdırıb. Dövlət başçısı vurğulayıb ki, paytaxtda, xalqın yanında qalacaq. Həmin günün axşamı isə KTMT-dən yardım istəyib.
Onun müraciəti müsbət cavablandırılıb və KTMT sülhməramlıları Qazaxıstana göndərilib. BMT-nin məlumatına görə, iğtişaşlar zamanı minə yaxın insan yaralanıb. DİN 18 güc strukturu əməkdaşının həlak olduğunu, ümumilikdə 4 mindən çox şəxsin saxlanıldığını bildirib.
Həmçinin oxuyun: