BAKI, 16 yanvar - Sputnik. Almatıda kütləvi iğtişaşlar zamanı 149 mülki şəxs və hüquq-mühafizə orqanlarının 11 əməkdaşı ölüb.
Bunu bu gün keçirilən brifinqdə şəhər polis departamentinin rəisi Kanat Taymerdenov bildirib.
Kanat Taymerdenov iğtişaşlar zamanı şəhərdəki morqlara 7 hücum olduğunu, 41 meyitin oğurlandığını da açıqlayıb.
"Onlar ölüləri morqda qoymayıb, yaralıları da özləri ilə götürüblər. Morqlardan 41 meyit oğurlanıb”, - RİA Novosti Taymerdenovun fikirlərini belə qeyd edib.
Dünən Qazaxıstanın Baş Prokurorluğu ölkədə baş verən iğtişaşlar zamanı ümumilikdə 225 nəfərin öldüyünü açıqlamışdı.
"Qazaxıstanda baş vermiş iğtişaşlar zamanı 225 nəfər, o cümlədən respublikanın hüquq-mühafizə orqanlarının 19 əməkdaşı həlak olub. 225 ölü meyitxanalara təhvil verilib, o cümlədən 19 polis və hərbçinin meyiti", - ötən gün Qazaxıstanın Baş Prokurorluğunun nümayəndəsi Serik Şalabayev mətbuat konfransında deyib.
Onun sözlərinə görə, ümumilikdə iğtişaşların 4578 qurbanı müəyyən edilib. Onlardan 4353-ü yaralanıb. Yaralıların 3393-ü hüquq-mühafizə orqanlarının əməkdaşıdır”, - deyə Şalabayev əlavə edib.
Səhiyyə Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Asel Artakşinova jurnalistlərə açıqlamasında bildirib ki, ölən 225 nəfərdən 175-i tibb müəssisələrində dünyasını dəyişib.
Qazaxıstanda 2022-ci ilin ilk günlərində yanacağın bahalaşması səbəbindən baş verən etirazlar iğtişaşlara çevrilib. İnsanlar küçələrə çıxıb, təhlükəsizlik qüvvələri ilə toqquşmalar, talanlar başlayıb. Nəticədə hər iki tərəfdən qurbanlar, yaralananlar var.
Ölkə ərazisində fövqəladə vəziyyət rejimi tətbiq olunub, hökumət istefaya göndərilib.
Prezident Kasım-Jomart Tokayev yanacağın satış qiymətlərinin tənzimlənməsi barədə göstəriş verib. O, baş verənləri xarici təcavüz aktı adlandırıb, kömək üçün KTMT üzrə tərəfdaşlarına müraciət edib.
İğtişaşlar zamanı KTMT üzvləri respublikaya inzibati və diplomatik binaların mühafizəsi, yerli hərbçilərə asayişin qorunmasına köməklik göstərmək məqsədilə kollektiv sülhməramlı qüvvələr göndəriblər.
Yanvarın 13-də onlar KTMT missiyasını uğurla başa vurduqlarını elan ediblər. Hazırda sülhməramlılar Qazaxıstandan qayıdırlar.
Həmçinin oxuyun: