BAKI, 13 yanvar - Sputnik. Yanvarın 13-də saat 16:00 radələrində Azərbaycan-Ermənistan dövlət sərhədinin Laçın rayonu ərazisində Surik Matevosyan adlı şəxsin yolu azaraq Azərbaycan sərhədini keçməsi müəyyən olunub. Bu barədə Sputnik Azərbaycan Müdafiə nazirliyinə istinadən xəbər verir.
Nazirlikdən verilən məlumata görə, S.Matevosyan Rusiya sülhməramlılarına təhvil verilib.
Xatırladaq ki, Ermənistan silahlı qüvvələrinin yanvarın 11-i günorta saatlarından etibarən başlatdığı təxribat nəticəsində Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində vəziyyət gərginləşib.
Ermənistan tərəfi 11-i gecə saat 23:20-dən 12-si səhər saat 05:10-dək Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Zəylik, Yellicə, eləcə də Şəmşəddin rayonunun Çinarlı, Muğancıq kəndləri istiqamətində yerləşən mövqelərindən Tovuz rayonunun Muncuqlu, Ağbulaq, Qoşa, Koxanəbi, Əsrik Cırdaxan yaşayış məntəqələri istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlar və iriçaplı pulemyotlardan fasilələrlə atəşə tutub.
Bütün hallarda Azərbaycan Ordusunun bölmələri tərəfindən qarşı tərəfə adekvat və mütənasib cavab verilib.
Həmçinin oxuyun:
Kəlbəcərdə şəhid olan əsgərimizin ölümü ilə bağlı cinayət işi başlanıb