QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Qarabağ xanlığının vergi sistemi - Bu "xüms" o xümsdən deyilmiş

At arpası - xan qoşununun atları üçün toplanılırdı. Qarabağ xanlığında daha geniş yayılmış vergi növü idi.
Sputnik
BAKI, 13 yanvar - Sputnik. Qarabağ xanlığında feodal təsərrüfatının özünəməxsus səciyyəsini iki müxtəlif iqtisadi forma - oturaq əkinçilik və yarımköçəri maldarlıq təşkil edib ki, bu da kəndlərdən çoxsaylı vergilərin alınmasına gətirib çıxarıb.
Qarabağ tarixinin tanınmış tədqiqatçısı Vasif Quliyevin “Qarabağ xanlığında vergi və mükəlləfiyyətlər” sərlövhəli məqaləsində bu barədə söhbət açılır.
Xanlıqda kəndlilərdən alınan vergilərin sayı və miqdarı müxtəlif idi. Bir qayda olaraq feodalların hamısı vergi və mükəlləfiyyətlərdən azad idilər. Kəndlilər isə qoyulan vergiləri məcburi ödəməli və mütləq mükəlləfiyyətlik daşımalı idilər. Vergi və mükəlləfiyyətlər kəndlilər kimi şəhər əhalisinə də aid idi. Vergilər əhalidən həm məhsulla, həm də pulla alınırdı. Qarabağ xanlığı dövründə 20-yə qədər vergi növü vardı.
Kürəkçay müqaviləsindən sonra Qarabağ əhalisinə “Rusiya bac-xəracı” adlanan yeni ağır vergi qoyuldu. Onun həcmi xanlıqda 8 min çervon idi. Bir çox yaşayış məntəqələri, ümumiyyətlə, bu vergidən azad idi. Həm də onun yığıldığı yerlərdə proporsiyaya əməl olunmurdu. Vergiləri naiblər, kəndxudalar və yüzbaşılar yığırdı. Onların fəaliyyəti gəlir işlərinə nəzarət edən sandıxtar ağasının nəzarəti altında idi.
Parfiya dövrünə aid sikkələr
Torpaq və sudan istifadə etmək üçün vergilər
Xanlıq dövründə xanın xəzinəsinə, mülkədarların və digər torpaq sahiblərinin xeyrinə torpaqdan və sudan istifadə etdiklərinə görə kəndlilərə müxtəlif vergilər və bir sıra mükəlləfiyyətlər qoyulurdu. Məsələn, malcöhət sözün hərfi mənasında, “məhsuldan hissə” deməkdir, taxıldan natural qaydada alınırdı. Kəndli pay torpaqlarından istifadə etdiyi üçün məhsulun onda biri hissəsindən otuzda dörd hissəsini torpaq sahibinə, mülkədara, yaxud tiyuldan məhsul toplamaqla verməli idi. Vergi kimi ödənilən məhsulu kəndli özü sahibkarın göstərdiyi yerə daşımalı idi.
Ordunun və dövlət aparatının saxlanılması üçün kəndlilərdən bir sıra vergilər alınırdı.
Darğalıq - kəndxudanın və darğanın xeyrinə hər bir talvar taxıla görə 12 manat miqdarında əhalidən alınan vergi idi. Qeyri-qanuni vergilərdən olan darğalığın miqdarı bəzən dəqiq olmurdu. Adətən bəhrə və malcöhət vergisinin 15 faizini təşkil edirdi. Darğalıq arpa, buğda, çəltik və sair məhsullardan natural şəkildə toplanılırdı və bir qayda olaraq, barama, düyü, buğda, yağ, yumurta, toyuq-xoruzdan ibarət olurdu, bəzən də pulla əvəz edilirdi. Kəndi çox olan torpaq sahibləri darğalığın müəyyən hissəsini özləri götürürdülər. İpək dəzgahı olanlar hər dəzgaha 1 metr ipək parça darğalıq verməli idi. Bazara gətirilən mallardan da darğalıq alınırdı.
Vəzirlik xanın vəzirinin xeyrinə toplanılan vergi idi. Həm məhsulla, həm də pulla ödənilirdi. Bəzən məhsulu hesablayıb verginin miqdarını müəyyən edən mirzənin xeyrinə də toplanılırdı. Vəzirlik əhalini var-yoxdan çıxaran vergilərdən biri idi.
Gözətçi pulu - hər evdən 50 qəpik olmaqla xanın gözətçilərinin nəfinə gözətçi pulu vergisi toplanılırdı.
Parfiya dövrünə aid sikkələr
Kələntərlik - ali inzibati məmurları, naibləri və sair saxlamaq üçün əhalidən alınan vergi idi. Dəqiq miqdarı yox idi və əsasən şəhər əhalisindən alınırdı.
At arpası - xan qoşununun atları üçün toplanılırdı. Qarabağ xanlığında daha geniş yayılmış vergi növü idi.
Ələfə - feodal qoşun dəstəsinin həm minik, həm də yük heyvanları üçün toplanılan yem idi. Eyni zamanda, xan atlarını yedirtmək üçün yığılırdı.
Diş kirəsi – rəiyyət öz kəndlərində yerləşdirilmiş xan qoşunlarını yedirtməyə borclu idi. Kəndlilər bu mükəlləfiyyəti istehza ilə “dişlə işləmək üçün haqq“ adlandırırdılar.
İxracat - bu vergi fövqəladə hallarda toplanılırdı. O, qoşunları əsləhə ilə təmin etməyə, yüksək vəzifəli dövlət məmurlarının saxlanılmasına xərclənirdi. Məhz buna görə də hər dəfə bu vergi təyin olunanda məzmunundan asılı olaraq ixracatı divan, ölkə ixracatı, qala ixracatı, qanizon ixracatı və sair müxtəlif adlar alırdı.
Mirzəyana - xan dəftərxanası və inzibati idarə məmurlarının xeyrinə zorla toplanılırdı. Miqdarı, natural və ya pulla yığılması məlum deyil.
Rüsum – xanın məmurlarının xeyrinə məhsul və ya pulla yığılan vergi idi. Rüsum hər hansı bir gəlir mənbəyi, məsələn, vergi toplamağı iltizama götürən iltizamçıya, kəndlərə yüzbaşı və darğa təyin olunanlara verilməli idi.
Xan aşpazları və çörəkçiləri üçün vergi – hər evdən 1 manat miqdarında toplanılır və həmin adamlara verilirdi.
Şərbətçi pulu – xan sarayında şərbət və sair içkilər hazırlanması işinə nəzarət edən məmurun xeyrinə yığılırdı.
Poçt vergisi – bir sıra kəndlərin sakinləri xana çapar kimi xidmət etmək üçün bir atlı ayırır, ya da ki, hər evdən üç-beş manat miqdarında pul toplayırdı.
Feodallara və məmurlara məcburi hədiyyə
Qırxxana xərci - xanın yemək süfrəsi üçün yığılan, həmçinin yağ, qoyun, quş və sairlə ödənilən vergi. Bəzən xalça da verilirdi. Özünə xalça, atlarına çul ala bilməsi üçün kəndlilərin hər biri xana əlli qəpik verməli idi. Çox vaxt isə kəndlilər qırxxana xərcini yalnız məhsulla ödədirdilər.
Toypulu, yaxud toy payı – sahibkar, yaxud onun övladı evlənəndə gətirilən hədiyyə. Qarabağ xanlığında bu vergi son dərəcə ağır idi. Altı manat qırx qəpikdən on manata çatırdı. Kəndli onu verə bilməyəndə sahibkar onları cəzalandırırdı.
Bayramlıq - feodalların xeyrinə həm kənd, həm də şəhər əhalisindən yığılan vergi. Həm natural şəkildə, həm də pulla alınırdı. Bayramlarda, xüsusən də Novruz və Qurban bayramlarında toplanılırdı. Başqa vergilər kimi Bayramlıq vergisi də əhali üçün ağır yük idi.
Peşkəş - xana, bəyə, başqa feodallara gətirilirdi, bu da “könüllü hədiyyə” adlanırdı.
Ruhanilərin xeyrinə ödənilən vergi
Xüms - hərfi mənası beşdə birdir, yəni bir müsəlman könüllü olaraq gəlirinin, müharibə zamanı əldə etdiyi var-dövlətin beşdə birini peyğəmbər nəslinin, imamların şərəfinə ruhanilərə və seyidlərə verdiyi vergi idi.
Ağdamda Şahbulaq qalasından reportaj
Zəkat - şəriət pulu ilə müsəlmanların öz gəlirlərindən kasıbların xeyrinə dövlət xəzinəsinə ödədikləri vergi idi. Əslində, zəkatın çox hissəsi mollalara, dərvişlərə, seyidlərə çatırdı. Bütün müsəlmanlar bu vergini verməyə məcbur edilirdilər.
Fitrə - Ramazan bayramı axşamı hər bir müsəlmanın yoxsulların xeyrinə verdiyi hədiyyə, bəxşiş hesab olunur və çox vaxt mollalar və seyidlərə çatırdı.
Hər bir evdən adambaşına alınan vergi (can vergisi)
Otaq xərci - şəhər əhalisindən alınan vergi idi. Xanın xeyrinə hər evdən adambaşına ildə bir dəfə toplanılırdı. Həcmi qeyri-müəyyən idi. Başqa xanlıqlarda otaqxərci “tüstüpulu”, “başpulu”, “evpulu” adlanırdı.
Başpulu - yaşı on beşdən keçmiş bütün kişi cinsindən yığılan vergi idi. Hər bir adamdan hansı məbləğdə alınması haqqında konkret və dəqiq məlumat yoxdur. Amma təxmini hesablamalara görə, 1 manat 20 qəpik həcmində olmuşdu.
Ödənilən mükəlləfiyyətlər
Biyar - hər bir ailə ağanın tələbi ilə öz əmək alətləri və qoşqu heyvanı ilə bir nəfər ayırmalı idi ki, üç gün ağanın tarlasında işləsin. Əkin, biçin, taxıl döymək və daşımaqla məşğul olardı. Ağa kəndlini hər dəfə çağıranda onu öz razılığı olmadan bir gündən artıq saxlaya bilməzdi. Ona işçi lazım olmadıqda o hər bir iş günü üçün kəndlidən 10 qəpik ala bilərdi. Ümumiyyətlə, kəndli 8 gün məcburi mükəlləfiyyət daşımalı idi.
Qulluqçu - ağaların ev və çöl işlərində çalışmaq üçün hər bir 10 ailə növbə ilə bir nəfər ayırmalı idi. Sahibkar nökərləri özü seçirdi. Nökərin yaşı 20-dən az olmamalı, azı bir il öz ağasına qulluq etməli idi. Sahibkar onu hər şeylə təmin edirdi. Nökər vermiş ailə əlavə heç bir mükəlləfiyyət daşımır, əksinə, sahibkar həmin ailənin əvəzinə, 5 manat həcmində xəzinəyə vergi ödəyirdi.
Kişi nökərdən başqa, sahibkarın tələbi ilə hər bir ailə bir nəfər qulluqçu verməli idi. Adətən qulluqçuluğa öz təsərrüfatı olmayan qadınlar cəlb edilirdi. Qulluqçu öz işini davam etdirmək arzusunda olmayanda bir ildən sonra onu başqası əvəz etməli idi. Onlar da nökərlər kimi ağa tərəfindən hər şeylə təmin olunurdular.
İlxıçı - rəiyyətlər xanın ilxısına baxmaq üçün adamlar ayırmalı idilər. Lakin çox vaxt kəndlilər bu mükəlləfiyyətin əvəzinə pul ödəyirdilər və sair.
Vergiləri naiblər, kəndxudalar və yüzbaşılar yığırdı. Onlara gəlir işlərinə nəzarət edən sandıxtar ağası nəzarət edirdi. AZƏRTAC
Həmçinin oxuyun:
Sahibkarlıq subyektləri üçün vergi dəyişiklikləri - gəlir necə hesablanacaq?
Bu gündən Azərbaycanda nələr dəyişəcək
Enerji, elektrik, qaz... Dövlət qurumlarının illik hesabatı
Cabbarov yeni iqtisadi strategiya hədəflərini açıqladı