AZƏRBAYCAN XƏBƏRLƏRİ

Azərbaycan-Ermənistan sərhədində son vəziyyətə ATƏT-dən reaksiya

Ermənistan tərəfinin Azərbaycanla sərhəddə törətdiyi təxribat nəticəsində hərbi qulluqçumuz şəhid olub.
Sputnik
BAKI, 12 yanvar — Sputnik. Polşanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Zbiqnev Rau Azərbaycan-Ermənistan dövlət sərhədində baş verən son insidentlərlə bağlı bəyanat yayıb.
Sputnik Azərbaycan "Report"-a istinadən xəbər verir ki, o, sərhəddə yenidən toqquşmaların qeydə alınmasından, bunun insan tələfatı ilə nəticələnməsindən dərin narahatlığını bildirib.
"Biz tərəfləri güc tətbiqindən çəkinməyə, bu yaxınlarda başlayan mənalı siyasi dialoqu davam etdirməyə çağırırıq. Polşa ATƏT-in sədri kimi regionda davamlı sülhün bərqərar olmasına, davamlı inkişafın təşviqinə yönəlmiş səyləri gücləndirmək üçün tərəfdaşlarla işləməyə hazırdır. Biz bununla bağlı ATƏT-in Minsk Qrupunun həmsədrlərinin səylərini dəstəkləyirik", - bəyanatda vurğulanıb.
Qeyd edək ki, Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində yanvarın 11-i günorta saatlarında Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat nəticəsində hərbi qulluqçumuz, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Nəzərov Ayaz Azər oğlu şəhid olub.
Ermənistan silahlı qüvvələrinin yanvarın 11-i günorta saatlarından etibarən başlatdığı təxribat nəticəsində Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində vəziyyət gərginləşib.
Ermənistan tərəfi 11-i gecə saat 23:20-dən 12-si səhər saat 05:10-dək Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Zəylik, Yellicə, eləcə də Şəmşəddin rayonunun Çinarlı, Muğancıq kəndləri istiqamətində yerləşən mövqelərindən Tovuz rayonunun Muncuqlu, Ağbulaq, Qoşa, Koxanəbi, Əsrik Cırdaxan yaşayış məntəqələri istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlar və iriçaplı pulemyotlardan fasilələrlə atəşə tutub.
Bütün hallarda Azərbaycan Ordusunun bölmələri tərəfindən qarşı tərəfə adekvat və mütənasib cavab verilib.
Eləcə də oxuyun:
* Ermənilər Kəlbəcərdən sonra Tovuzda da təxribat törətdilər
* Kəlbəcərdə şəhid olan əsgərimizin ölümü ilə bağlı cinayət işi başlanıb
* Ermənistan Kəlbəcər rayonundakı mövqelərimizi atəşə tutub
* Bir neçə gün sonra toyu olacaqdı... - Danışan FOTOLAR