Azərbaycan-Ermənistan sərhədində vəziyyət

XİN təmas xəttində vəziyyətin gərginləşməsi ilə bağlı bəyanat yaydı

İki dövlət arasında münasibətlərin normallaşması istiqamətində addımlar atmaq əvəzinə, dövlət sərhədində növbəti qanlı təxribatı törətməklə Ermənistanın hərbi-siyasi rəhbərliyi bölgədə vəziyyətin gərginləşdirilməsinə görə bilavasitə məsuliyyət daşıyır.
Sputnik
BAKI, 11 yanvar - Sputnik. Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistanın Kəlbəcər istiqamətində növbəti təxribatı barədə məlumat yayıb.
Məlumatda deyilir:
"Azərbaycan Müdafiə Nazirliyinin məlumat verdiyi kimi, 11 yanvar 2022-ci il tarixində Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat nəticəsində hərbi qulluqçumuz, əsgər Nəzərov Ayaz Azər oğlu şəhid olub.
Ermənistan tərəfinin hərbi təxribatları davam etdirməsini qətiyyətlə pisləyirik.
İki dövlət arasında münasibətlərin normallaşması istiqamətində addımlar atmaq əvəzinə, dövlət sərhədində növbəti qanlı təxribatı törətməklə Ermənistanın hərbi-siyasi rəhbərliyi bölgədə vəziyyətin gərginləşdirilməsinə görə bilavasitə məsuliyyət daşıyır."
Sərhəddə təxribat, hərbi qulluqçumuz şəhid olub
Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində yanvarın 11-i günorta saatlarında Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat nəticəsində hərbi qulluqçumuz, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Nəzərov Ayaz Azər oğlu şəhid olub.
Sputnik Azərbaycan bildirir ki, bu barədə məlumatı Azərbaycan Müdafiə Nazirliyi yayıb.
Müdafiə Nazirliyinin rəhbərliyi şəhid olan hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbr diləyir! Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən müvafiq tədbirlər nəticəsində qarşı tərəf susdurulub. Baş verən gərginliyə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.
Qeyd edək ki, yanvarın 8-də də saat 13:50 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətindən AQS və iriçaplı silahlardan istifadə etməklə Azərbaycan Ordusunun Kəlbəcər rayonu ərazisində yerləşən mövqelərini atəşə tutmuşdu.
Bölmələrimizin cavab tədbirləri nəticəsində qarşı tərəf susdurulduğu, şəxsi heyət və texnikamızda itki olmadığı barədə Azərbaycan Müdafiə Nazirliyi açıqlama vermişdi.
Eləcə də oxuyun:
* Kəlbəcərdə vəziyyət gərginləşib: Azərbaycan Ordusu qarşı tərəfi susdurur
* Ermənistan Kəlbəcər rayonundakı mövqelərimizi atəşə tutub