BAKI, 11 yanvar — Sputnik. Helsinki Universitetinin alimləri koronavirusa qarşı qısamüddətli qorumanı təmin edə bilən molekul yaradıblar. Bu barədə universitetin rəsmi saytında məlumat yerləşdirilib.
"Hüceyrələrin kultivasiyası və heyvanlar üzərində aparılan araşdırmalar göstərir ki, alimlər tərəfindən hazırlanmış yeni TriSb92 molekulu, hətta infeksiya riski yüksək olan hallarda belə, ən az səkkiz saat ərzində koronavirus infeksiyasından qoruyur. Peyvəndin təmin etdiyi mühafizədən fərqli olaraq, TriSb92-in təsiri onun tətbiqindən dərhal sonra özünü göstərməyə başlayır", – deyə məlumatda bildirilir.
Tədqiqatın müəlliflərindən biri Anna Myakela izah edib ki, bu molekul burun vasitəsilə yoluxma ehtimalı olan siçanları koronavirusdan qoruyub, həmin molekulun tətbiq olunmadığı siçanlar infeksiyaya yoluxublar.
Myakel TriSb92-nin "Omikron" da daxil olmaqla, koronavirusun bütün məlum ştamlarına yoluxmanın qarşısını aldığını bildirib. Eyni zamanda, qeyd edib ki, molekul peyvəndə rəqib deyil, əksinə ona əlavə hesab olunur.
Finlandiya Milli Səhiyyə və Rifah İnstitutunun məlumatına görə, epidemiya başlayandan bəri bu ölkədə 328 mindən çox koronavirusa yoluxma və 1656 ölüm halı qeydə alınıb.
Həmçinin oxuyun: