BAKI, 11 yanvar - Sputnik. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid ilə telefon danışığı baş tutub.
Azərbaycanın Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə, tərəflər regional təhlükəsizlik vəziyyəti ətrafında fikir mübadiləsi aparıblar.
C.Bayramov bölgədə mövcud olan ən son vəziyyət, o cümlədən üçtərəfli bəyanatların icrası ilə bağlı Azərbaycan tərəfindən atılan addımlar barəsində danışıb.
Nazir Ermənistan tərəfinin iki dövlət sərhədində təxribatı davam etdirdiyi və Kəlbəcər istiqamətində bir hərbi qulluqçumuzun şəhid olması haqqında qarşı tərəfə məlumat verib və bu təxribata görə məsuliyyətin bilavasitə Ermənistan hərbi-siyasi rəhbərliyinin üzərinə düşdüyünü vurğulayıb.
Telefon danışığı zamanı tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər mövzuları müzakirə ediblər.
Sərhəddə təxribat, hərbi qulluqçumuz şəhid olub
Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində yanvarın 11-i günorta saatlarında Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat nəticəsində hərbi qulluqçumuz, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Nəzərov Ayaz Azər oğlu şəhid olub.
Sputnik Azərbaycan bildirir ki, bu barədə məlumatı Azərbaycan Müdafiə Nazirliyi yayıb.
Müdafiə Nazirliyinin rəhbərliyi şəhid olan hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbr diləyir! Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən müvafiq tədbirlər nəticəsində qarşı tərəf susdurulub. Baş verən gərginliyə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.
Qeyd edək ki, yanvarın 8-də də saat 13:50 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətindən AQS və iriçaplı silahlardan istifadə etməklə Azərbaycan Ordusunun Kəlbəcər rayonu ərazisində yerləşən mövqelərini atəşə tutmuşdu.
Bölmələrimizin cavab tədbirləri nəticəsində qarşı tərəf susdurulduğu, şəxsi heyət və texnikamızda itki olmadığı barədə Azərbaycan Müdafiə Nazirliyi açıqlama vermişdi.
Eləcə də oxuyun: