TƏHSİL

Təhsilhaqqını ödəyə bilməyən tələbələri rüsvay edənlər cəzalandırıldı? ADMİU-dan açıqlama

Tütorlar tərəfindən dekanlıq daxili üçün hazırlanmış sənəd imtahan öncəsi tələbələri məlumatlandırmaq məqsədilə "Whatsapp" qrupuna göndərilib.
Sputnik
BAKI, 10 yanvar — Sputnik. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində bir illik təhsil haqqını ödəyə bilməyən tələbələrin adlarını yayan şəxslər cəzalandırılıb.
Bu barədə Sputnik Azərbaycan-a Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin mətbuat katibi Şəhanə Müşviq məlumat verib.
"Universitetdə tələbələrin adlarının siyahısı asılmamışdı. Tütorlar tərəfindən dekanlıq daxili üçün hazırlanmış sənəd imtahan öncəsi tələbələri məlumatlandırmaq məqsədilə "Whatsapp" qrupuna göndərilib. Universitet rəhbərliyi bunun da əleyhinədir və elə məsələ açılan kimi operativ şəkildə araşdırıldı, sənədin yayılmasına səbəbkar olan tütor və dekan cəzalandırıldı. Haqlarında təqdimat yazıldı və töhmətlə cəzalandırıldılar"- məlumatda qeyd edilib.
Universitetdən onu da bildiriblər ki, həmin şəxslər hadisə baş verən günün səhəri operativ şəkildə cəzalandırılıb.
Təhsil haqqını ödəməyən tələbələrin siyahısının yayılması barədə
Qeyd edək ki, ötən həftə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində bir illik təhsil haqqını ödəyə bilməyən tələbələrin adlarının divarda vurulması barədə məlumat yayılmışdı. Bunu əks etdirən görüntülər "Facebook" sosial şəbəkəsində paylaşılıb. Təhsil haqqının qalanını ödəməyən tələbələrin adlarının bu formada divara vurulması qınanılıb.
Universitet bundan əvvəlki açıqlamasında bildirmişdi ki, bakalavr təhsil pilləsində bütün ödənişli ixtisaslar üzrə illik təhsil haqqı 1800 manatdır. Universitetə ödənişli əsaslarla qəbul olan tələbələrlə bağlanmış fərdi müqavilənin "Ödəniş qaydaları" bölməsinə əsasən, onlar ödəmənin qaydalarıyla tanış olur və müvafiq imzayla şərtləri qəbul etdiklərini təsdiqləyirlər.
Bununla belə, ADMİU rəhbərliyi təhsil haqqına görə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, heç bir tələbəni universitetdən xaric etmir, humanist yanaşaraq onlara təhsil haqqını ödəməsi üçün müəyyən edilmiş zamandan daha uzun müddət vaxt verir.
"Sözügedən siyahıya nəzər saldıqda görmək olar ki, həmin siyahıda 3600 AZN, 3500 AZN, 3352 AZN kimi böyük məbləğlər var. Bu da təhsilinin III və ya IV ilində olan tələbənin 2 (iki) təhsil ilinin haqqını ödəmədiyi halda, kursdan-kursa keçirilməsində universitet rəhbərliyi tərəfindən bir problem yaradılmadığının sübutudur.
Bu şəxslərin arasında xüsusi imtiyazlı tələbələr yoxdur. Sosial şəbəkələrdə ADMİU ilə bağlı yazılmış iddialar əsassızdır. Bildiririk ki, görüntüləri yayımlanmış siyahı universitetdə nümayiş etdirilməyib.
Universitet rəhbərliyinin təhsil haqqını ödəməyən tələbələrin siyahısının nümayişiylə bağlı heç bir tələbi olmayıb. Bu siyahı semestr imtahanları öncəsi sadəcə bir fakültənin dekanlıq daxilində tyütorlar və mühasibatlıq üçün məlumat xarakterli hazırlanmış siyahısıdır. Daxili sənədin şəklinin çəkilərək yayılması təəssüf doğurur", - açıqlamada deyilirdi.
Hüquqşünas Zülfiyyə Bayramova Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, təhsil haqqı ödəməyən tələbələrin adlarının divara yazılıb vurulması hər hansı hüquqi məsuliyyət yaratmır:
"Qanunvericilikdə də bu məlumatın sirr saxlanılması əksini tapmayıb. Yalnız tələbənin xəstəliyi ilə bağlı məlumatların paylaşılması yolverilməzdir. Amma universitet rəhbərliyi bu addımı atmaya da bilərdi. Bu məsələlər universitetlərin daxili qaydaları ilə tənzimlənir".
Psixoloq Samirə Abdullayeva Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, universitetin təhsil haqqını ödəyə bilməyən tələbələrin adlarını divara vurması tələbələrə mənfi təsir göstərə bilər. Onun sözlərinə görə, bu zaman həmin tələbələr özlərini aşağılanmış hiss edə bilərlər:
"Biz bilmirik ki, bu gənclərin psixoloji durumu necədir. Bu onların intihar etməsinə belə gətirib çıxara bilər. Əgər tələbələr təhsil haqqını ödəyə bilməyibsə, bunun sosial səbəbləri olub. Belə tələbələr ailədəki maddi sıxıntılardan dolayı onsuz da çox həssas olur. Maddi sıxıntı çəkən tələbənin adını yazıb divara vurmaq isə onun psixoloji gərginliyini daha da artıra bilər. Halbuki, universitet rəhbərliyi təhsil haqqı ödəməyən tələbəni imtahana buraxmaya bilərdi. Bu hazırda atdıqları addımdan daha yaxşı olardı".
Məlumat üçün bildirək ki, noyabrın 25-dən təhsil tələbə krediti üçün müraciətlərin qəbuluna başlanılıb. Təhsil tələbə kreditinin ayrılmasında məqsəd təhsilin hamı, xüsusilə də əhalinin aztəminatlı təbəqələrindən olan şəxslər üçün əlçatanlığının təmin edilməsi, təhsildə bərabər imkanların yaradılması və təhsilin əhatə dairəsinin genişləndirilməsidır.
Bu kredit dövlət dəstəyi ilə çox kiçik faizlərlə və uzun müddətə (təhsil səviyyəsindən asılı olaraq 15-22 il) verilir. Nazirlər Kabineti tərəfindən təsdiqlənmiş müvafiq qaydaya əsasən, təhsil tələbə kreditinin sosial və standart növləri mövcuddur. Sosial təhsil tələbə kreditindən yalnız sosial həssas təbəqəyə aid ailələrin üzvü olan tələbələr istifadə edə biləcək və onlara kreditlər güzəştli şərtlərlə veriləcək.
Həmçinin oxuyun:
Təhsil haqqını ödəməyən tələbələrin adını divara vurdular - Universitetdən cavab
Qanunsuz pul yığanların kökünü kəsmək olar - İstək olsa
İnkişaf etmiş ölkələrin bir çoxunda təhsil 12-13 illikdir - Təhsil naziri