AZƏRBAYCAN XƏBƏRLƏRİ

DTX saxta sosial şəbəkə hesabları ilə bağlı xəbərdarlıq etdi

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) adından istifadə etməklə yaradılmış bir sıra saxta səhifə və profillərin fəaliyyəti müşahidə edilməkdədir.
Sputnik
BAKI, 10 yanvar — Sputnik. Dövlət Təhlükəsizliyi Xidməti (DTX) saxta sosial şəbəkə hesabları ilə bağlı xəbərdarlıq edib.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə DTX-nin İctimai əlaqələr şöbəsi məlumat yayıb.
"Son zamanlar bəzi sosial şəbəkə platformalarında Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) adından istifadə etməklə yaradılmış bir sıra saxta səhifə və profillərin fəaliyyəti müşahidə edilməkdədir. Belə halların mövcudluğu bir çox istifadəçilərin bu hesabları rəsmi mənbə kimi qəbul etməsinə səbəb olur və nəticədə həmin sosial şəbəkə resurslarında yerləşdirilən materialların DTX tərəfindən yayımlanması kimi başa düşülür", - məlumatda deyilir.
Qeyd edilir ki, DTX-nin rəsmi internet saytı olan "https://www.dtx.gov.az/az/" və "Facebook", "Twitter", "Instagram", "Youtube" sosial şəbəkələrində müvafiq olaraq "https://www.facebook.com/DTXAzerbaijan", "https://twitter.com/DTX_Azerbaijan", "https://www.instagram.com/azerbaijandtx/", "https://www.youtube.com/c/DTXofficialchannel/" səhifə və kanalları fəaliyyət göstərir. DTX-ya aid məlumatlar yalnız bu mənbələrdə yerləşdirilir.
Həmçinin xüsusi vurğulanır ki, DTX-nin sosial şəbəkələrdəki rəsmi səhifələri "Facebook", "Twitter", "İnstagram", "Youtube" administrasiyaları tərəfindən verilmiş, bu resursların rəsmiliyini təsdiq edən qeydiyyat nişanına sahibdir. Sosial şəbəkələrdə DTX-nin rəhbərliyinə məxsus hər hansı profil və ya hesab mövcud deyil.
"Vətəndaşlarımızın və KİV nümayəndələrinin diqqətinə çatdırırıq ki, DTX-nin fəaliyyəti barədə məlumatlar yalnız yuxarıda qeyd olunan DTX-nin rəsmi internet resurslarından əldə olunmalıdır", - məlumatda qeyd edilib.
Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) bundan əvvəl sərhəddəki vəziyyətlə bağlı yalan məlumat yayanlara xəbərdarlıq etmişdi.
Xəbərdarlıqda deyilirdi ki, son günlər Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən dövlət sərhədində törədilən bəzi təxribatlarla bağlı bir sıra kütləvi informasiya vasitələri, eləcə də sosial şəbəkə resurslarında həqiqəti əks etdirməyən, əhali arasında vahimə yaratmaq, ictimai rəyi çaşdırmaq məqsədi güdən məlumatlar yayımlanmaqdadır.
Bu tip qərəzli, saxta, ictimaiyyətdə yanlış fikrin formalaşdırılmasına xidmət edən xəbərlərin tirajlanması Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyətə səbəb olur.
"Vətəndaşlarımızı Azərbaycanın milli təhlükəsizliyinə və maraqlarına zərər vuran, əsassız, aidiyyəti dövlət orqanları ilə dəqiqləşdirilmədən, rəsmi mənbələrə istinad olunmadan yayımlanan belə məlumatlara inanmamağa çağırırıq", - xəbərdarlıqda deyilirdi.
Həmçinin oxuyun:
DTX sərhəddə vəziyyətlə bağlı məlumat yayanlara xəbərdarlıq etdi
DTX əməkdaşlarına əlavə pul ödənəcək - Fərman