BAKI, 9 yanvar — Sputnik. Son vaxtlar kartofçuluqla məşğul olan fermerləri narahat edən məsələlərdən biri yüksək keyfiyyətli yerli toxumların olmamasıdır. Vaxtilə əkilib-becərilən yerli kartof toxumları indi gözə dəymir.
El arasında “ağçiçək” adlanan, elmi adı isə “majestik” olan yerli kartof toxumu isə artıq yoxdur. Kartofçuluqla məşğul olan fermerlər isə xaricdən baha qiymətə toxumluq kartof gətirməyə məcbur olurlar. Sputnik Azərbaycan-ın bölgə müxbiri kartofçuluq rayonu olan Tovuzda bunun səbəblərini araşdırıb.
Uzun illər kartofçuluqla məşğul olan fermer Atakişi İmaməliyev kartof toxumunun qablaşdırmasını Rusiyadan təxminən 85 qəpik - 1 manata gətizdirdiyini bildirib:
Kartof kisələri
© Sputnik / Ilham Mustafayev
"Bizə Rusiyadan gələn kartoflar baha qiymətə olur. Bu da kartofun maya dəyərinin baha olmasına gətirib çıxarır. Biz də məcbur qalırıq ki, baha sataq. Yaxşı olardı ki, öz kartof sortlarımız olsun, istifadə eləyək, idxaldan asılılığımızı azaldaq. Əgər kartofun yeni sortları öz ərazilərimizdə olarsa, biz bu zonadan daha gözəl, yerə uyğunlaşmış kartof toxumları götürərik və yenidən, həm də uzun müddət səpərik".
Fermer Valeh Əmiraslanov isə yerli kartof toxumları olsa da onların miqdarının tələbatı ödəmək gücündə olmadığını deyib:
Fermer Valeh Əmiraslanov
© Sputnik / Ilham Mustafayev
"Bu gün bizim yerli toxumlar fermerlərin tələbatını ödəmir. Ona görə məcbur qalırıq xaricdən baha qiymətə toxum gətirtməyə. Onların da çox vaxt sertifikatı olmur. Əkdiyimiz məhsulun tərkibindən məlumatsız oluruq.
Yerli sortlarımız isə baxımsızlıqdan ləğv olub gedir. Dillərə dastan olan Gədəbəyin "ağçiçək" sortu baxımsızlıq ucbatından yox olub. Bunda təsərrüfatçıların da xidməti az olmayıb. Çünki xəstəliklərin artdığı bir dövrdə lazımi kimyəvi xidmət olunmadığına görə artıq o sort kartof becərilmir”.
Yerli toxum istehsalına gəldikdə isə bölgədə bu işi Təcrübə Stansiyasının əkin sahələrində görürlər. Mütəxəssislər xaricdən gətirilən kartof sortlarından fərqli olaraq yerli toxumların qiymətinin daha ucuz və məhsuldar olduğunu bildiriblər.
Kartof kisələri
© Sputnik / Ilham Mustafayev
Aran sahədə becərildikdə, yaxşı qulluq göstərilərsə, bir hektardan təxminən 25-30 ton civarında məhsul götürmək olar. Tovuz təcrübə stansiyasının kartofun seleksiya və toxumçuluq laboratoriyasının müdiri Yusif Mustafayev Tovuz təcrübə stansiyasında milli sort toxumlarının yetişdirildiyini söyləyib:
“Hazırda Tovuzda yerləşən Təcrübə Stansiyasının əkin sahələrində "Əmiri-600”, “Sevinc”, “Telman” milli kartof sortlarının toxumları yetişdirilir. Xaricdən gətirilən kartof sortlarından fərqli olaraq yerli toxumların qiyməti də ucuzdur. Lakin bu toxumlar həddən artıq az olduğundan fermerlərin böyük qismi bunlardan yararlana bilmir”.
Kartof kisələri
© Sputnik / Ilham Mustafayev
Bunun səbəbini isə mütəxəssis təcrübə sahələri üçün ayrılan ərazinin həddən artıq kiçik olması ilə izah edib.
"Çalışırıq ki, yeni kartof sortları yaradılsın. Hazırda institut bir neçə yeni sort da yaradıb. Bunlar – “Çənlibel”, “Uğur”, “Vaqif” və digərləridir. Bunlar həm məhsuldar, həm də xəstəliyə qarşı davamlıdır. Lakin təcrübə sahələrinin kiçik olması yerli tələbatı ödəmək üçün yetərli deyil. Qarşıda duran məqsəd budur ki, toxum artırılsın, yaxın gələcəkdə respublikanın toxum tələbatı təmin edilsin və xaricdən toxum asılılığı ləğv olunsun”, - Y.Mustafayev deyib.
Kartof kisələri
© Sputnik / Ilham Mustafayev
Qeyd edək ki, ölkədə 60-70 min hektar sahədə kartof əkilir və təsərrüfatlara təxminən 200 min tondan çox kartof toxumu tələb olunur. Belə məlum olur ki, təcrübə stansiyaları mövcud tələbatı qarşılayacaq gücdə deyil, bunun üçün daha geniş ərazilərdə toxumluq kartoflar becərilməlidir.
Həmçinin oxuyun:
Cəlilabadda payızlıq əkilən kartofun məhsuldarlığı boldur
Elxan Mikayılov: “Xırda təsərrüfatların əsas seqmenti daxili bazar olmalıdır”