BAKI, 7 yanvar — Sputnik. Məlum olduğu kimi, səfirlik Qazaxıstanda mövcud olan vəziyyətlə əlaqədar rəsmi internet səhifəsi və sosial şəbəkə hesabları vasitəsilə vətəndaşlarımıza xəbərdarlıq ünvanlayıb.
Səfirlik rəsmi məlumatları izləməyi, insanların kütləvi şəkildə toplaşdıqları ərazilərdən çəkinməyi məsləhət görüb.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Azərbaycanın Qazaxıstandakı Səfirliyindən APA-ya bildirilib.
Səfirlik Almatı şəhərindəki ofis, Aktaudakı Baş konsulluq və diaspora fəalları ilə mütəmadi əlaqə saxlayır:
"Baş verən hadisələr zamanı hər hansı vətəndaşımızın xəsarət alması ilə bağlı səfirliyə məlumat daxil olmayıb. Hazırda Qazaxıstandan xarici ölkələrə uçuşların dayandırılması səbəbindən Azərbaycana geri dönə bilməyən vətəndaşlarımız tərəfindən səfirliyə daxil olan müraciətlər tərəfimizdən aidiyyəti üzrə cavablandırılır. Müraciət edən vətəndaşlarımızın vəziyyəti ilə maraqlanır, onlara müvafiq məlumat və tövsiyələr verilir".
Vətəndaşlardan ölkədə internetin qismən işlədiyini, rabitənin bəzi hallarda kəsildiyini nəzərə almaları xahiş olunur.
Səfirlik öz fəaliyyətini adi iş rejimində davam etdirir. Vətəndaşlarımızdan səfirlik ilə +7780002838; +7 7172 75 55 27 telefon nömrələri vasitəsilə əlaqə saxlamaları xahiş olunur.
Qazaxıstanda gərginlik
Qeyd edək ki, qaz qiymətlərinin artımına əhalinin kəskin etirazları səbəbindən Qazaxıstanın bir neçə şəhər və vilayətində fövqəladə vəziyyət rejimi elan edilib. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bu barədə fərman imzalayıb.
Həmçinin, Qazaxıstan prezidenti əhaliyə müraciət edərək Qazaxıstan Təhlükəsizlik Şurasına özünün başçılıq edəcəyini deyib. Bununla da Tokayev 1995-ci ildən bu vəzifəni icra edən ölkənin ilk prezidenti Nursultan Nazarbayevi işindən kənarlaşdırıb.
Yanvarın 5-də Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib. Tokayev iclasda ölkədəki gərgin vəziyyətlə bağlı KTMT tərəfdaşlarından hərbi yardım istəyəcəyini açıqlayıb. Onun KTMT-yə müraciətinə çevik reaksiya verilib.
KTMT-nın sülhməramlı missiyası çərçivəsində Rusiya Qazaxıstana 3 000, Belarus 500, Tacikistan 200, Ermənistan isə 70 hərbçi göndərib.
Qırğızıstan isə Qazaxıstana 150 hərbçi, 19 ədəd texnika göndərmək niyyətindədir.
Eləcə də oxuyun:
* Qazaxıstandan son xəbərlər: Astanada atəş və partlayışlar
* Rusiya heç nə etməsə, çox qəribə olardı - Leonid Kalaşnikov