DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

KTMT-nin Qazaxıstandakı sülhməramlılarının komandanı karyerasına Gəncədə başlayıb

Rusiyadan Qazaxıstana desant qüvvələri göndərilib. Rusiya sülhməramlılarının köməyi ilə Almatı hava limanı tam nəzarətə götürülüb.
Sputnik
BAKI, 7 yanvar - Sputnik. Rusiya sülhməramlıları Qazaxıstanın hüquq-mühafizə orqanları əməkdaşlarına Almatı hava limanını tam nəzarətə almağa yardım edib.
Eyni zamanda Rusiyadan Qazaxıstana desant qüvvələri göndərilib. Onların daşınması prosesinə Rusiyanın 70-dən çox “İl-76” və “An-124” təyyarələri cəlb olunub.
Bu arada Qazaxıstanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sülhməramlı qüvvələrinin fəaliyyətinə rəhbərlik edəcək şəxsin adı məlum olub.
Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumata görə, KTMT-nin Qazaxıstandakı sülhməramlı qüvvələrinə Rusiya Hava-Desant Qüvvələrinin komandanı, general-polkovnik Andrey Serdyukov rəhbər təyin edilib.
Andrey Serdyukov 1983-1985-ci illərdə Gəncədə dislokasiya olunan 104-cü Qvardiya hərbi-desant diviziyasında kəşfiyyat taborunun bölük komandiri kimi öz hərbi karyersına başlayıb.
KTMT-nin Qazaxıstanda sülhməramlı missiyası
Xatırladaq ki, yanvarın 5-də Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib. Tokayev iclasda ölkədəki gərgin vəziyyətlə bağlı KTMT tərəfdaşlarından hərbi yardım istəməyin zəruriliyini bildirib.
Yanvarın 5-də gecə saatlarında Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Kollektiv Təhlükəsizlik Şurası Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin müraciəti ilə əlaqədar kollektiv sülhməramlı qüvvələrin həmin ölkəyə göndərilməsi barədə qərar qəbul edib. Bu barədə Şuranın sədri, Ermənistanın Baş naziri Nikol Paşinyan "Facebook" səhifəsində məlumat verib.
"Qazaxıstan Respublikasının Prezidenti Tokayevin müraciəti ilə əlaqədar, Qazaxıstan Respublikasının milli təhlükəsizliyinə və suverenliyinə, o cümlədən, kənar müdaxilə nəticəsində yaranmış təhlükəni nəzərə alaraq, KTMT Kollektiv Təhlükəsizlik Şurası, Kollektiv Təhlükəsizlik Müqaviləsinin 4-cü maddəsinə əsasən, KTMT-nin kollektiv sülhməramlı qüvvələrinin Qazaxıstan Respublikasına göndərilməsi qərara alınıb", - Paşinyan yazıb.
KTMT kontingentinin tərkibinə Rusiya, Belarus, Ermənistan, Tacikistan və Qırğızıstan silahlı qüvvələrinin birləşmələri daxildir. Qazaxıstanda KTMT sülhməramlıları dövlət və hərbi obyektləri mühafizə edəcək, yerli hüquq-mühafizə orqanlarına vəziyyətin sabitləşdirilməsində kömək edəcəklər.
Qeyd edək ki, KTMT-nın sülhməramlı missiyası çərçivəsində Rusiya Qazaxıstana 3 000, Belarus 500, Tacikistan 200, Ermənistan isə 70 hərbçi göndərib.
Qırğızıstan isə Qazaxıstana 150 hərbçi və 19 ədəd texnika göndərmək niyyətindədir.
Eləcə də oxuyun:
* Sülhməramlılar Qazaxıstanda silah tətbiq edə bilərlər - KTMT
* Qazaxıstandan son xəbərlər: Astanada atəş və partlayışlar
* Rusiya heç nə etməsə, çox qəribə olardı - Leonid Kalaşnikov
* Qazaxıstandan son xəbərlər: qızıl fondu da yandırdılar
* Qazaxıstan rəhbərliyindən ölkədəki vəziyyətə dair yeni açıqlama: 100-dən çox adam saxlandı
* Qazaxıstanın hər yerində fövqəladə vəziyyət elan edildi: BMT narahatdır